Bu insident Özbəkistanla Rusiya arasında siyasi qalmaqala çevrildi

Özbəkistanda müəllimdən dərsdə rus dilində danışmasını tələb edən şagirdin cəzalandırılması Rusiya ilə Daşkənd arasında ciddi siyasi qalmaqala çevrilib. Rusiya mətbuatı hadisəni şişirdərək, Özbəkistanda ruslara qarşı mənfi münasibətin nümunəsi kimi təqdim etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova müəllimin cəzalandırılmasının lazım olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Rusiya XİN rəsmisinin bu çıxışı Özbəkistanda sərt reaksiyaya səbəb olub.

Özbəkistan Qanunvericilik Palatasının sədr müavini Əlişir Kadırov Telegram kanalında Zaxarovanı ölkəsinin daxili işlərinə qarışmamağa çağırıb:

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müəllimdən müvafiq dərsdə rus dilində danışmasını istəyən tələbənin müdafiəsinə qalxaraq Özbəkistanın daxili işlərinə qarışmaq cəhdlərini dayandırmalı və diqqətini Rusiyanın problemlərinə yönəltməlidir”.

Kadirov bildirib ki, Rusiyanın bu hadisəyə reaksiyası “boş yerdən hay-küy salmaq” cəhdidir. Onun sözlərinə görə, Moskva öz daxili məsələlərinə daha çox diqqət yetirməli, başqa ölkələrin işlərinə qarışmamalıdır. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Andrey Klimov isə Özbəkistanı hədələyib. O bildirib ki, Rusiyaya qarşı düşmənçilik edən bir ölkə vardı, indi o, çox ağır vəziyyətdədir.

Musavat.com

27.09.2024 15:19
821