Bu ilin ilk 3 ayı ərzində vətəndaşlara 5 milyondan çox tibbi xidmət göstərilib

“TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir”.

Musavat.com-un məlumatına görə, bunu Sumqayıt Tibb Mərkəzinə keçirilən media-tur zamanı jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir:

“TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib. Qeydə alınan tibbi xidmətlərin 888 708-i stasionar, 4 963 309-u isə ambulator şəraitdə göstərilib. Göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-mart ayları üzrə 96 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% çox olub”.

Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir:

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə tərəfindən müəssisənin fəaliyyətlərinə və Kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsi həyata keçirilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

07.06.2024 10:43
332