Ekspertlər hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə heyvandarlıqla məşğul olan fermerlərə şərait yaradılmalıdır, yoxsa...
2023-cü ilin 10 ayı ərzində Azərbaycana 69 milyon 996 min dollar dəyərində (119 milyon manat) 34 860 ton ət idxal olunub.
“Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 11.8%, miqdar ifadəsilə 3% artıb. 2022-ci ilin 10 ayı ərzində Azərbaycana 62 milyon 610 min dollar dəyərində 33 806 ton ət idxal olunub.
Azərbaycanın getdikcə xaricdən daha çox ət almasının səbəbi nədir? Bu amil gələcəkdə ətlə bağlı qıtlıq olacağına dəlalət edirmi? Yaxud ətin qiymətinə də təsiri ola bilərmi?
Eyyub Kərimli
İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün ölkəmizdə statistik rəqəmlərə əsasən iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma baş verir: “Bunun da müxtəlif səbəbləri var. Ötən illərdən Rusiya-Ukrayna müharibəsinə görə yemin qiyməti artıb. Bu da həmin sahədə çalışan fermerlərin işinə təsir göstərir və kənd təsərrüfatı sahəsində rentabelliyi azaldır. Digər tərəfdən bizdə örüş yerlərinin azalması da hələ ki müşahidə olunur. Örüş yerlərini əsasən əkin yerləri əvəz edir. Sözsüz ki, bu gələcəkdə tənzimləməyə böyük ehtiyacı olan bir sahədir. Lakin düşünürəm ki, bu hal uzun zaman davam etməyəcək. Belə ki, işğaldan azad olunan bölgələrimizdə xeyli iqtisadi potensial var. Burada onların istiqaməti daha çox heyvandarlıqla bağlı olub. Düşünürəm ki, gələcəkdə heyvandarlığın inkişafı üçün geniş imkanlar olacaq. Aqroparklar da salınır. Bu gün ət idxalının artmasının da obyektiv və subyektiv amilləri var. Bunlardan biri əsasən heyvanların sayının azalmasıdır. Digər tərəfdən də əhali sayında artım və yemin qiymətinin artımı, həmçinin mövsümi amillər də öz təsirlərini göstərir. Çünki üzü payıza doğru gedəndə bizdə təbii örüş yerləri azalır və yem bahalaşır. İnsanların ətə olan tələbatını idxal hesabına müəyyənləşdiririk. Bu da öz təsirini göstərir. Əsasən yaz və payız aylarında biz müşahidə edirdik ki, ət tələbatında azalma var idi. Ət istehsalında isə çoxalma var idi. Bu baxımdan hesab edirəm ki, növbəti illərdə bu proses daha müsbət istiqamətdə inkişaf edəcək”.
Yeri gəlmişkən, hazırda ətin qiymətində bahalaşma müşahidə olunmur, amma ekspertlər növbəti aylarda artımın olacağını bildirirlər. Yada salaq ki, ötən il Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, sahibkarlardan identikləşdirilmə zamanı bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Nəticədə yalnız şəhadətnamə verilir və baytarlıq pasportunun alınması tələb olunmur. Bununla yanaşı, bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalıb. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalıb. Qeyd edilirdi ki, bu fakt heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.
Bundan sonra ətin qiymətində böyük artım müşahidə edilmədi. Amma ekspertlər bildirilər ki, “sahibkarlardan identikləşdirilmə zamanı bir heyvan üçün xərclərin azaldılması, baytarlıq pasportunun alınmasının tələb olunmaması ətin qiymətinin ucuzlaşmasına səbəb olsa da, bu, qıtlığı aradan qaldırmaq üçün çıxış yolu deyil. Qida mühəndisi Ağa Salamov hesab edir ki, qıtlıq və inflyasiyadan çıxış yolu kəndliyə şərait yaratmaq, onları su və texnika ilə təmin etməkdir: ”İnsanlar yaxşı bilir ki, “öküz ürəyi” gilasının qiyməti dana ürəyindən bahadır. Mövsümündə yetişən meyvə və tərəvəzlər yüksək qiymətə piştaxtaları bəzədi və heç kim onları almadı. Çünki o qiymətə satılan meyvə və tərəvəzlər maaşı aşağı olan bir vətəndaş üçün ayağını uzadacaq yorğan deyil. Bu baxımdan kəndli bəşəriyyətə lazımdır".
Akif Nəsirli
İqtisadçı Akif Nəsirli isə mediaya açıqlamasında deyib ki, heyvandarlıq məhsullarının - yem, ot və digər vasitələrin qiyməti qışa doğru daha da bahalaşacaq: “Ötən il də, bu il də ölkədə ot qıtlığı müşahidə olunub. Buna görə də otun qiyməti bahadır. Hazırda bir yonca presinin qiyməti 5 manatdan bahadır. Bu qiymət qış aylarında 6-7 manata və daha çox qiymətə qalxacaq. Buna görə də fermerlər əllərində olan heyvanların ətlik qismini bazara çıxarıb satmaq istəyirlər. Bu səbəbdən hazırda bazarda olan bolluq ətin qiymətinin bahalaşmasını bir qədər ləngidir. Dekabrın sonu yanvarın əvvəlindən başlayaraq ətin qiymətində daha yüksək tempdə bahalaşma müşahidə olunacaq: ”Bunun səbəbi ət qıtlığıdır. Ölkədə kifayət qədər heyvan saxlanılmır. Bunun da səbəbi örüş yerlərinin məhdud olmasıdır. Nə qədər ki biz işğaldan azad edilmiş ərazilərdə heyvandarlıqla məşğul olan fermerlərə şərait yarada bilməyəcəyiksə, bu proses o qədər də davam edəcək".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”