“Bu il Ukraynanın taleyində həlledici olacaq”.
Musavat.com xəbər verir ki, bu fikri Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps Lancaster House malikanəsində çıxış edərkən səsləndirib.
Britaniya Müdafiə Nazirliyinin “X” (keçmiş Tvitter) səhifəsində yayımlanan çıxışında nazir deyib:
“2024-cü il dönüş nöqtəsi olmalıdır. Ukrayna üçün bu, ölkənin taleyinin həll olunacağı il olacaq. Bu, tarixdə demokratiya üçün ən böyük il olacaq, çünki dünya əhalisinin demək olar ki, yarısı seçkilərdə iştirak edəcək”.
Şapps vurğulayıb ki, London bu il də Kiyevi dəstəkləməkdən imtina etməyəcək, çünki Ukraynadakı münaqişə Böyük Britaniya üçün ekzistensial xarakter daşıyır.
O bildirib ki, Birləşmiş Krallıq 2015-ci ildən bəri ümumilikdə 60 mindən çox ukraynalı hərbçi hazırlayıb. Eyni zamanda, nazir vurğulayıb ki, Böyük Britaniya müdafiə qabiliyyətini artırmaq üçün çalışır. Bununla bağlı o xatırladıb ki, ölkənin 2024-cü il üçün hərbi büdcəsi tarixdə ilk dəfə olaraq 50 milyard funt-sterlinqi (indiki məzənnə ilə 63 milyard dollar) keçəcək. Bundan əlavə, nazir alyansın “Sabit Müdafiəçi” təlimlərində iştirak etmək üçün fevralda NATO-nun şərq cinahına 20 min britaniyalı hərbçinin yerləşdirilməsi planlarını təsdiqləyib: “Biz yeni dövrün astanasındayıq. Berlin Divarının yıxılması indi sadəcə uzaq bir xatirədir. Biz çıxış nöqtəsinə qayıtmışıq. Biz müharibədən sonrakı dünyadan müharibədən əvvəlki dünyaya keçirik”.
Qrant Şapps NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb.
Musavat.com