Bu il Səudiyyə Ərəbistanı buğda istehsalını 2 dəfə artıracaq

ABŞ Kənd Təsərrüfatı Nazirliyi yanvar hesabatında cari mövsümdə (iyul 2023 - iyun 2024) Səudiyyə Ərəbistanında buğda istehsalı proqnozunu 1,2 milyon tona qədər artırıb. Bu, dekabrda verilən proqnozdan iki dəfə çoxdur.

Musavat.com xəbər verir ki, yeni proqnoz həmçinin ötən mövsümdəki istehsal həcmindən 1,9 dəfə, beşillik orta göstəricidən 3,2 dəfə çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, məhsulun xeyli artması ölkənin əsas ərzaq təhlükəsizliyi idarəsinin yerli fermerlərə yüksək qiymətlər təklif edən siyasəti ilə bağlıdır. İcmalda qeyd edilir ki, son illərdə Səudiyyə Ərəbistanı istehsalı artırmaq və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün ölkədə yetişdirilən buğdanın tədarük qiymətlərini artırıb. Önümüzdəki illərdə qiymətlər yüksək və yonca qiymətləri ilə rəqabətədavamlı qalsa, buğda istehsalında sürətli artım davam edəcək.

Cari mövsümdə buğda əkini sahəsi 200 min hektar qiymətləndirilir ki, bu da əvvəlki hesablamadan 3,3 dəfə, son beş ildəki orta göstəricidən, ötən mövsümün göstəricisindən isə iki dəfə çoxdur. Eyni zamanda, hər hektardan məhsuldarlıq 6 ton qiymətləndirilir ki, bu da əvvəlki proqnozdan 40 faiz aşağıdır. Bu, həmçinin ötən mövsümdən 4 faiz, beşillik orta göstəricidən isə 2 faiz aşağıdır.

Yerli istehsalın artması fonunda Səudiyyə Ərəbistanının buğda idxalı proqnozu dekabr ayı icmalındakı 4,9 milyon tondan 4,7 milyon tona endirilib (idxal 2022/2023 kənd təsərrüfatı ilində 5,26 milyon ton təşkil etmişdi).
Rusiya Taxıl İttifaqının analitik departamentinin məlumatına görə, cari kənd təsərrüfatı ilinin birinci yarısında Səudiyyə Ərəbistanı Rusiyadan buğda alışını 45 faiz azaldaraq, 1 milyon tona endirib.

Musavat.com

16.01.2024 20:30
869