Bu il dünya bazarında neft qiymətləri 80-100 dollar aralığında dəyişəcək.
Musavat.com xəbər verir ki, bu proqnozla Rusiyanın “Qazprom Neft” şirkəti çıxış edib. şirkətin İdarə Heyətinin sədri Aleksandr Dyukov jurnalistlərə bildirib ki, neftin hazırkı qiyməti ədalətlidir, “bazar balanslıdır, qıtlıq yoxdur”: "Amma yenə də bu(qiymətlər –red.), çoxlu sayda amillərdən asılı olacaq. Hazırda bazar balanslıdır, biz neft qıtlığını görmürük. Bu gün neft bazarı balanslıdır. Yaxın Şərqdəki çətin geosiyasi vəziyyət təbii ki, qiymətlərə müəyyən təsir göstərir. Amma ümumilikdə qiymət bu gün ədalətlidir".
Aprelin 3-də keçirilən iclasda OPEC+ nazirlərinin monitorinq komitəsi alyansın neft hasilatı siyasətinin dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib. 2024-cü ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə müttəfiq ölkə bazarı tarazlaşdırmaq üçün könüllü olaraq gündəlik neft hasilatını ümumilikdə 2,2 milyon barel azaldır. Əvvəlcə tədbirin yalnız birinci rüb ərzində qüvvədə olması nəzərdə tutulurdu, lakin martın əvvəlində alyans ölkələri onun qüvvəsini ikinci rübdə uzatdılar.
Etalon marka olan Brent neftinin kotirovkaları demək olar ki, bütün mart ayı ərzində təxminən 85 dollar səviyyəsində qalıb və aprelin 4-də 2023-cü ilin oktyabr ayının sonundan bəri ilk dəfə olaraq bir barel üçün 91 dollardan yuxarı qalxıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neftin qiymətinin hazırkı artımı Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlıdır.
Musavat.com