Ötən il inflyasiyanın zəifləməsində böyük rol oynayan xammal qiymətlərinin stabilləşməsi qlobal mərkəzi bankların dərəcələri sürətlə azaltmasını çətinləşdirəcək.
Musavat.com xəbər verir ki, bu, Dünya Bankının (DB) “Əmtəə bazarlarına baxış” hesabatında deyilir.
Dünya Bankının ekspertləri hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi son 2 ildə müşahidə olunan inflyasiyanın yavaşlamasını dayandıra bilər.
Təşkilatın əmtəə qiymətləri indeksi 2022-ci ilin ortaları ilə 2023-cü ilin ortaları arasında təxminən 40 faiz azalıb, lakin göstərici keçən ilin ortalarından bəri sabit qalıb.
Dünya Bankının proqnozuna görə, geosiyasi münaqişələr güclənməsə, əmtəə indeksi 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 4 faiz azalacaq. Bankın ekspertlərinə görə, əmtəə qiymətlərində belə bir azalma tempi əksər ölkələrdə hədəf səviyyələrdən yüksək olaraq qalan inflyasiyanın yumşaldılması üçün kifayət etməyəcək.
Dünya Bankının baş iqtisadçısı və baş vitse-prezidenti Indermit Gill deyir ki, qlobal inflyasiya hələ də məğlub olmayıb: “İnflyasiyanı azaldan başlıca proses – xammal qiymətlərinin ucuzlaşması divara dirənib. Bu isə o deməkdir ki, bünya mərkəzi banklarının faiz dərəcələri bu il və gələn il gözlənildiyindən yüksək olaraq qalacaq”.
Onun sözlərinə görə, enerji sektoru üçün böyük bir şok son iki ildə inflyasiyanın qarşısının alınmasında əldə edilmiş irəliləyişlərin çoxunu ləğv edə bilər.
Dünya Bankının proqnozuna görə, Brent markalı neftin orta qiyməti 2024-cü ildə 84 dollar, 2025-ci ildə isə 79 dollar olacaq. Bununla belə, Yaxın Şərqdəki münaqişə dünya bazarına xammal tədarükündə əhəmiyyətli fasilələrə səbəb olarsa, bu il Brent neftinin qiyməti bir barel üçün 100 dolları keçə bilər.
DB ekspertləri hesab edirlər ki, qızılın qiyməti 2024-cü ildə rekord səviyyədə qalacaq və 2025-ci ildə bir qədər azalacaq. Qızıl geosiyasi qeyri-müəyyənlik dövrlərində tez-tez bahalaşır və bu amil bir neçə inkişaf etməkdə olan bazar mərkəzi banklarının qiymətli metala güclü tələbi ilə birlikdə, 2024-cü il ərzində qızılı dəstəkləyəcək, icmalda qeyd olunur.
Dünya Bankı xəbərdarlıq edir ki, Yaxın Şərq münaqişəsinin gərginləşməsi təbii qaz, gübrə və ərzaq qiymətlərinin də bahalaşmasına səbəb ola bilər.
Təşkilatın əsas proqnozu isə dünya ərzaq qiymətlərinin 2024-cü ildə 6 faiz və 2025-ci ildə 4 faiz, gübrələrin qiymətinin isə müvafiq olaraq 22 faiz və 6 faiz azalacağını nəzərdə tutur.
Dünya Bankı həmçinin mis qiymətlərinin 2024-cü ildə 5 faiz artacağını və 2025-ci ildə stabilləşəcəyini, alüminium qiymətlərinin müvafiq olaraq 2 faiz və 4 faiz artacağını gözləyir.
Musavat.com