Ekspertlər hesab edir ki, mütləq maaşlar artırılmalıdır, qiymət artımı gözlənilmir
Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır. “Yeni Müsavat” xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Qeyd etmək yerinə düşər ki, neçə vaxtdır ki, minimum əmək haqqının artırılması ilə bağlı çağırışlar edilir. Yada salaq ki, 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdi. Bəzi ekspertlər hesab edir ki, minimum əmək haqqının artmasına görə şirkətin xərci artırsa, sahibkarlar da ya məhsulun qiymətini artırmalı, ya da ixtisarlar etməlidirlər. Bu isə məhsulun aşağı düşməsi və inflyasiyaya zəmin yaradır.
Minimum əmək haqqı bu il artırıla bilərmi və məbləğ nə qədər olacaq? Bu, gəlirlərə və xərclərə necə təsir edəcək?
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Mən güman etmirəm ki, minimum əmək haqqını bu il artıracaqlar. Ehtimal, 2025-ci il yanvarın 1-dən artırılacaq. Çünki burada təklifdən söhbət gedir, qərardan söhbət getmir. Güman edirəm ki, bu il təklif olacaq, qüvvəyə minmə tarixi 2025-ci ildən olacaq. Çünki adətən yaşayış minimumu, minimum əmək haqqı kimi məsələlər dövlət büdcəsi haqqında qanunla bir yerdə imzalanır. Son illərin təcrübəsi bunu deməyə imkan verir. Düzdür, qanunda deyilmir ki, yalnız ilin sonunda olmalıdır. Amma təcrübədə belə olub. Həm də büdcəni planlaşdıranda nəzərə alırlar ki, nə qədər artacaq - azalacaq. Ölkə Prezidenti inauqurasiya mərasimində hətta bu məsələyə yer verdi. Dedi ki, hökumət minimum əmək haqqının indiki səviyyəsindən razı deyil. Doğrudan da qonşu ölkələrlə müqayisə etdikdə də aşağı olduğunu görürük. Türkiyədən üç dəfəyə qədər azdır. Yəni minimum əmək haqqı gələn ildən qalxacaq. O ki qaldı nə qədər artacağına, ötən il ölkədə 8.8 faiz inflyasiya oldu, bu il başlayandan bir faiz inflyasiya var. Güman edirəm ki, ən azı 10 faizlik artım ola bilər. Bu qərarı əsaslandırmaq lazımdır, çünki təkcə dövlətin büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqı artırılmır. Bu artım məcburi şəkildə özəl sektora, bütün iqtisadiyyata şamil edilir. Yəni sadəcə minimum əmək haqqını artırmaqla deyil, artırılacaq, sahibkarlar işçilərinə maaş verə bilməyəcək, işdən çıxaracaqlar və sairə.
Əlbəttə, maaşların artması inflyasiyaya təsir edəcək amillərdən biridir. Maaşların artırılması pul kütləsini artırır, bu da inflyasiyanı tətikləyən amildir. Amma ümumi şəkildə ölkədə inflyasiyanın səviyyəsi aşağı düşüb. Kifayət qədər aşağı inflyasiya müşahidə edilir. Bu gün Statistika Komitəsi açıqladı, 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 0.0 faiz təşkil edib. Bu da 2014-cü ilin dekabrından bu tərəfə qeydə alınmış ən aşağı illik inflyasiyadır. O cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98.2 faiz, qeyri-qida məhsulları üzrə 0.9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2.0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.1% faiz azalıb. İllik inflyasiya isə yanvar-aprel aylarında 0.7 faiz təşkil edib. Ona görə güman etmirəm ki, əməkhaqlarında artım inflyasiyanı çox sürətli şəkildə artıra bilər. Həm dünyadakı qiymət artımı stabilləşir, həm də növbəti illərdə manatın da stabilliyi çərçivəsində Mərkəzi Bankın hədəf intervalına düşəcəyi gözlənilir. Hətta Mərkəzi Bank bu il üçün inflyasiyanı 5.5 faiz planlaşdırırdı, indi 3.5 faiz olacağını gözləyir. Yəni inflyasiya prosesləri kifayət qədər yumşalıb. Digər başqa məqamlar da var. Hökumətin, Mərkəzi Bankın əlində rıçaqları var ki, maaş kütləsi artanda digər kredit verməni aşağı salsın və inflyasiyanı nəzarətdə saxlasın. Yəni maaşlar artırılmalıdır, bunun alternativi yoxdur".
Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov da mövzu ilə bağlı öz sosial media hesabında fikirlərini bildirib. O qeyd edib ki, COP29 başlayan müddətə qədər minimum əmək haqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir: "Artımın miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaq. Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə düşünürəm ki, bu, əsasən inflyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İqtisadiyyat Nazirliyi 5,3%, BMT 5,9% proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü il üçün 3,5% olaraq açıqlayıb. Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir. Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-cü ilin 1 yanvarından müəyyən edilib, deməli, əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə inflyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % inflyasiya qeydə alınıb.
Odur ki, inflyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir. Bunun tətbiq edilmə vaxtına gəldikdə isə 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”