“Bu il Füzulidə, Şuşada, Laçında...”

İnfrastruktur layihələri imkan verir ki, bu il daha çox insan öz dədə-baba torpaqlarına qayıtsın

“Qarabağa Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün zaman keçdikcə görülən işlərin miqyası daha da genişlənməkdədir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə yerli telekanallara verdiyi geniş müsahibə də xüsusi diqqət çəkdi.

Dövlət başçısı bildirdi ki, 1400-dən çox ailənin 2023-cü ildə doğma yurdlarına qayıtması üçün şərait yaradılıb: “Bu il həmçinin beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdış olacaq. Bu günə qədər görülən işlər göz qabağındadır. Bu haqda çox danışmaq istəməzdim. Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamış, onların inşaatı, bəziləri artıq istifadəyə verilib. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn, Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. 

Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni sadaladığım bu ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlarımız hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır".

Vüqar İskəndərov: BQXK humanizm prinsipləri ilə pərdələnərək səlibçilik  missiyası həyata keçirir

 Vüqar İsgəndərov 

Deputat Vüqar İsgəndərov bu barədə Sia.az saytına açıqlamasında bildirib ki, 2020-ci il qələbəmizdən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa, quruculuq, tikinti işləri görülür: “Bu işlər çərçivəsində cənab Prezident tərəfindən irəliyə vəzifə kimi qoyulmuş "Böyük Qayıdış" konsepsiyası icra olunmağa başlayıb. Dövlətimiz, bir neçə dost dövlətlərin şirkətləri azad edilmiş bölgələrimizdə yaşayış binaları, ağıllı kənd və şəhər konsepsiyaları icra edirlər. Füzulidə, qismən Şuşada, Laçında məskunlaşma prosesləri həyata keçirilir. Dövlət başçısının dediyi kimi, 2026-cı ilin sonuna qədər həmin bölgələrimizə 140 min vətəndaşımız qayıdacaq. Bu proses gələcəkdə də davamlı olacaq. Çünki həmin bölgələrdə insanlar yüz, min illərlə yaşayıblar, bundan sonra da daimi yaşayacaqlar. Bu proses Azərbaycan dövləti tərəfindən ən layiqli formada həyata keçiriləcək".

Deputat bildirib ki, işlərin daha sürətli getməsinə mane olan cəhətlər erməni vandalları tərəfindən basdırılmış minalardır: “Dövlətimizin öz hesabına minalar təmizlənir. Paralel olaraq da tikinti işləri baş verir. Bütün bunlar həm də ölkəmizin gücünə, qüdrətinə işarədir. Biz iqtisadi potensialımıza, insan resurslarımıza, yeni texnologiyalara əsaslanaraq bunları həyata keçiririk. Bu da bizim dünyada artan nüfuzumuzun bariz nümunəsidir”.

Yazını hazırladı: Cavanşir Abbaslı

 

17.01.2024 11:44
1077