Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü digərlərindən fərqlənir, çünki...

Çünki yola saldığımız 2023-cü ildə Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi

Sabah - 31 dekabrda dünyadakı bütün azərbaycanlılar Həmrəylik Gününü qeyd edəcəklər. Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsinə başlanılıb.

Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub. O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq bayram edilir.

Qeyd edək ki, 2001-ci il noyabrın noyabrın 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. İlk dəfə keçirilən qurultayda 36-dan çox xarici ölkədə yaşayan, müxtəlif təşkilatları təmsil edən qonaqlar iştirak etmişdi. Heydər Əliyev qurultayda çıxış edərək Azərbaycanla dünya azərbaycanlılarının əlaqələrinin genişləndirilmisi, müxtəlif istiqamətlərdə birlikdə çalışmaları, Azərbaycanın gələcək inkişafı, birliyin, həmrəylin möhkəmləndirilməsi, milli dəyərlərimizin qorunub saxlanılması yolunda fikirlər səsləndirmişdi.

Dünya Azərbaycanlıların II Qurultayı isə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə  keçirilib. Bu qurultayda da diaspor, lobbi fəaliyyəti haqqında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən tədbirlər görülməsi ilə bağlı müzakirələr aparılmışdı.

Beləliklə, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Hazırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Bununla da azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı - bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Artıq xaricdə yaşayan, Azərbaycanda yaşayan hər bir azərbaycanlı qürurla, fəxrlə yaşayır, gəzir, fəaliyyət göstərir. Bunun ən əsas səbəbi Azərbaycanın 30 ildən sonra qələbə çalması, məğlub ordu mifinin tamamilə yox edilməsidir. 

Güney Azərbaycandan olan soydaşlarımız da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük fəxarət, qürur hissi ilə qeyd edirlər. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yürütdüyü siyasətində Güney azərbaycanlılarını diqqətdən kənarda qoymayıb. Prezident dəfələrlə çıxışlarında Güney azərbaycanlılarının milli mədəni haqları ilə bağlı açıqlama verib, Güney Azərbaycanda yaşayan Azərbaycan türklərini xalq olaraq Azərbaycanın bir hissəsi adlandırıb.

“Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”, - deyə İlham Əliyev qeyd edib.

Bu il qeyd edəcəyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü digərlərindən fərqlənir. Çünki yola saldığımız 2023-cü ildə Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Artıq üçrəngli bayrağımız bütün Qarabağ bölgəsində, o cümlədən Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərədə dalğalanır. Xatırladaq ki, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Ardınca isə Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol oyunu nümayiş olundu. Bütün bu zəfər və qələbələr hər bir Azərbaycan vətəndaşının, azərbaycamlının birliyi, həmrəyliyi, azadlıq mübarizəsi nəticəsində nail olunub. Geridə qoyduğumuz 3 il ərzində, xüsusən də 2020-ci Vətən müharibəsi dövründə həm Azərbaycanda, həm də xaricdə yaşayan hər bir həmvətənlimiz həmrəylik, birlik nümayiş etdirib, bir yumruğa çevrilib.

Yazını hazırladı: Xalidə GƏRAY

30.12.2023 11:19
1160