Bu il çimərlik mövsümünün açılışı gecikə bilər- SƏBƏBLƏR AÇIQLANDI

“Paytaxtda Xəzər dənizində çimərlik mövsümünün açılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin hələ bir qərarı yoxdur. Gözlənilir ki, iyun ayının 15-i açılacaq, lakin bu da dəqiq deyil. Hava şəraiti soyuq keçsə, ola bilər ki, bir az da gec açılsın.”

Musavat.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimai əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, baş leytenant Fərid İlhamoğlu deyib.

Böyük inspektor insanlara tövsiyə edib ki, təhlükəli ərazilərdən istifadə etməsinlər: “İnsanlar çimərlik mövsümünün açılmasını gözləsinlər. Mövsüm açıldıqdan sonra isə bizim xidmətin nəzarət etdiyi çimərliklərə üz tutsunlar. Təhlükəli ərazilərə daxil olub həyatlarını təhlükəyə atmasınlar.
İyunun 1-dən bizim xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Çimərlik mövsümünə hazırlıqla bağlı xidmətin əməkdaşları və yerli icra hakimiyyətinin nümayəndələri ilə birlikdə Bakı şəhərində və Abşeron yarımadasında sahilboyu ərazilərdə monitorinqlər keçirilir və təhlükəli ərazilər aşkar edilir. Daha sonra bununla əlaqədar yerli icra hakimiyyətlərində müşavirələr keçirilir, həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı icra hakimləri tərəfindən çimərlik operatorlarına, icra hakimiyyətlərinin əməkdaşlarına göstəriş və tapşırıqlar verilir.

WhatsApp Image 2025-06-07 at 12.21.56.jpeg (92 KB)

Xidmətin fəaliyyəti dövlətin ayırdığı çimərlik ərazilərində təhlükəsizliyi təmin etməkdir. Azərbaycanın hansısa su hövzəsində boğularaq həyatını itirən vətəndaşların meyitinin suda çıxarılması, onların axtarılması da bu xidmətə daxildir. Biz xidmətin nəzarət etdiyi çimərliklərdə təhlükəsizliyi qoruya bilirik. Xəzərin Azərbaycana düşən hissəsi 950 km-dən çoxdur. Bütün su hövzəsinə nəzarət etməyə nə texniki imkanımız, nə də canlı qüvvəmiz çatmaz ki, təhlükəsizliyi təmin edək. Xəzərin elə hissələri var ki, qayalıq ərazilərdir və orada yarğanlar, çuxurlar var. Bu da insan həyatına təhlükə yarada bilər. Buna görə də hər yer çimərlik üçün nəzərdə tutulmur".

F. İlhamoğlu bildirib ki, xidmətin nəzarət etdiyi çimərliklərdə iyun ayından başlayaraq dalğıclar tərəfindən sualtı müayinələr aparılır: “Çimərliklərdəki yad cisimlər təmizlənir, yarğanlar, çuxurlar müəyyən edilərək, həmin ərazilərə işarələr qoyulur. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı qırmızı, sarı və narıncı rəngdə nişanlar quraşdırılır. Vətəndaşlara bildiririk ki, bu nişanlara qədər üzsünlər, onların olmadığı ərazi təhlükəli hesab olunur".

Şahanə Rəhimli
Musavat.com

07.06.2025 12:22
709