"Bu il Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7,2 milyard dollar təşkil edib".
Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıdq keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyənin iqtisadi sahədə olan əməkdaşlığı ikitərəfli münasibətlə məhdudlaşmır, həm də regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələri də həyata keçirilir:
"İki ölkə arasında olan münasibətlərin sıxlığı özünü rəqəmlərdə də əks etdirir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 7,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur. İxrac 52 faizdən çox artaraq 5,1 milyard dollar təşkil edib.
Son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.
Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub".
Xatırladaq ki, dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyidir.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edir.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunacaq.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com