2024-cü ildə Avropanın TTF qaz qovşağında qiymətlər əvvəlki ilə nisbətən 30 faiz aşağı olacaq.
Musavat.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarına dair hesabatında əksini tapıb.
Agentliyə görə, bu il qaz qiymətlərinin hər milyon Britaniya istilik vahidi üçün 9 dollardan bir qədər aşağı olacağı gözlənilir. Bununla belə, TTF qiymətləri illik ifadədə demək olar ki, 50 faiz ucuzlaşsa da, onlar hələ də 2016-2020-ci illərin birinci rüblərinin orta göstəricisindən 55 faiz yuxarı qalır.
Eyni zamanda 2024-cü ilin birinci rübündə Asiya və Avropada spot qiymətlər böhrandan əvvəlki səviyyədən aşağı düşüb - müvafiq olaraq 2020-ci ilin dördüncü rübündən və 2021-ci ilin birinci rübündən bəri ən aşağı qiymətə. ABŞ-da isə zəif tələblə birlikdə hasilatın davam edən artımı qazın qiymətlərinin mart ayında son 30 ildən çox müddətdə ən aşağı orta səviyyəyə enməsinə gətirib çıxarıb.
Asiyada spot LNG qiymətləri 2024-cü ildə Avropa mərkəzi qiymətləri ilə müqayisədə yüksək səviyyədə qalacaq. Bu, Asiya bazarlarına artan LNG tədarükü üçün stimul yaradır.
Hesabata əsasən ABŞ-dakı Henry Hub-da qazın qiyməti bazar əsaslarının zəifləməsi fonunda 5 faiz azalmaqla bir milyon Britaniya istilik vahidi üçün orta hesabla 2,4 dollar təşkil edəcək.
Musavat.com