Son bir ayda ölkədə bir neçə rayonun icra başçıları dəyişdirilib. Belə ki, Suraxanı (Əziz Əzizov Beyləqana göndərilib-red), Oğuz, Qusar və Daşkəsənə yeni icra başçıları təyin olunub. Avqustun 7-də Ağdaşın icra başçısı da vəzifəsini itirib. O, 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Yada salaq ki, bundan əvvəl də yaşı ötmüş bir neçə icra başçısı vəzifəsindən kənarlaşdırılmış, onları əsasən gənc kadrlar əvəz etmişdi.
“Yeni Sabah”ın iddiasına görə, bu ayın sonuna kimi, ən azı 6 icra başçısı da işini itirəcək. Mənbə deyib ki, bu şəxslərlə bağlı qərar artıq verilib. Onların işdən azad edilməsi ilə bağlı sərəncam qısa ara ilə sentyabr ayının sonuna kimi elan olunacaq.
O da faktdır ki, bəzi icra başçıları on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur.
2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır.
2012-ci ildən Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qaraşov Lənkərana, Adil Vəliyev Bakının Sabunçu rayonuna, 2011-ci ildən İslam Rzayev Balakənə, Vidadi İsayev Bərdəyə, Alı Alıyev Füzuliyə, Adil Məmmədov Qobustana, Elxan Usubov Şəkiyə, Ramiz Həsənov Zəngilana, 2010-cu ildən Süleyman Mikayılov Bakının Qaradağ rayonuna, Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə rəhbərlik edir.
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, 2001-ci ildən Malik İsaqov Qubadlının, 2000-ci ildən Şahmar Usubov Xocalının icra başçısı vəzifəsindədir. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyinat alıb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. İddialara görə, icra hakimiyyətlərinin parlament seçkilərindən sonra keçiriləcək referendumla ləğv ediləcəyi gözlənilir. Bəs bu kadr dəyişikliklərini ekspertlər necə şərh edir?
Əli Orucov
AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a açıqlamasında icra hakimiyyətləri institutunun saxlanılmasının doğru olmadığını söylədi: “Yerli icra hakimiyyəti orqanları sabiq prezident Ayaz Mütəllibovun hakimiyyəti dönəmində 1991-ci ilin əvvəllərində keçmiş rayon partiya komitələrinin bazası əsasında yaradılıb. Həmin vaxt rayon partiya komitəsinin birinci katibi postu ləğv edilərək icra hakimiyyəti başçısı vəzifəsi təsis edildi. Belə demək mümkünsə, indiki rayon icra hakimiyyəti başçıları SSRİ-dən qalma birinci katiblərin sələfləridir. İcra hakimiyyəti başçılarına çox geniş səlahiyyətlər verildiyindən bəzən özlərini rayonun ağası kimi aparırlar. SSRİ dağılıb tarixin arxivinə getsə də, bəzi idarəçilik ənənələri, o cümlədən rayon icra hakimiyyəti başçıları postu hələ də mövcudluğunu saxlayır. Həddindən artıq köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən yerli icra hakimiyyətini kadr dəyişiklikləri və yaxud əvəzlənmələri ilə saxlamaq doğru seçim deyil. Sistem elə qurulub ki, həmin vəzifəyə kim təyin olunursa-olunsun, müsbət irəliləyişlərə nail olmaq və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində dönüş yaratmaq mümkün deyil. Faktiki olaraq bu qurumlar korrupsiyalaşmış, inkişafı ləngidən bir quruma çevrilib. Həbs olunan, vəzifəsindən uzaqlaşdırılan bir sıra icra başçılarının timsalında yerli icra hakimiyyəti orqanlarının nə rayonların idarə edilməsində, nə əhalinin sosial-rifah halının yüksəldilməsində, nə də vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsində heç bir pozitiv rol oynamadığını, əksinə, dövlətin verdiyi qeyri-məhdud səlahiyyətlərdən və büdcədən ayırdığı vəsaitlərin böyük həcmini mənimsəməklə, hətta reketliklə məşğul olmaqla öz şəxsi mənafelərini təmin edib. Bu gün də təəssüf ki, eyni tendensiyalar davam etməkdədir. Ona görə də hesab edirəm ki, icra hakimiyyətləri ləğv edilməli, Prezidentin yerlərdə nümayəndəliyi kimi çox da geniş olmayan səlahiyyətlər verməklə əvəzlənməlidir. Ştatlar da azaldılmalıdır ki, həm dövlət büdcəsinə artıq yük olmasın, həm də süni surətdə şişməsin. Yerli idarəetmə isə bələdiyyələrə verilməlidir. Cəmiyyətdə də icra hakimiyyətlərinə münasibət əksərən mənfidir. Elə bir icra başçısı nümunə üçün göstərmək mümkün olmur ki, o həqiqətən də rayon sakinlərinin qayğısına qalsın, öz vəzifəsinə vicdanla və peşəkarcasına yanaşsın. Azərbaycanda aparılan islahatlar ilk növbədə idarəçilikdə, xüsusən də yerli icra hakimiyyəti orqanlarından başlamalıdır”.
Siyasi ekspert qonşu ölkələrdən nümunələr gətirdi: “Hesab edirəm ki, 80 rayonda icra hakimiyyətinə ehtiyac yoxdur. Bunu 14 iqtisadi rayonlar üzrə formalaşdırmaq daha məqsədəmüvafiq olardı. Məsələn, qonşu Gürcüstanın inzibatı bölgüsü 12 əyalətdən, Ermənistanınkı isə 10 əyalətdən ibarətdir. Lakin hər iki Cənubi Qafqaz ölkəsində bələdiyyələrin sayı çoxdur və geniş səlahiyyətlərə malikdir. Yerli özünüidaretmə bütünlükdə seçkili qurumların ixtiyarındadır və xalqa, seçicilərə hesabatlıdır. Azərbaycandakı inzibatı-ərazi bölgüsü hesab olunan icra hakimiyyətləri başçıları Prezident tərəfindən təyin olunur və onun qarşısında hesabatlıdır. Ona görə də xalq qarşısında heç bir hesabatlılığı və məsuliyyəti olmadığı qənaəti yaradır. İşğaldan azad olunan ərazilərdə Prezidentin səlahiyyətli nümayəndəliyi vəzifələri keçici olsa da, ona da geniş səlahiyyətlərin verilməsi gələcəkdə neqativ hallara yol açma riski yaradır. Ümid edirəm ki, parlament seçkilərindən sonra rayon icra hakimiyyətləri ləğv olunaraq daha təkmil və çevik, mobil bir institut yaradılacaq. Bələdiyyələrə geniş imkanlar veriləcək. Ən azından müstəqil fəaliyyət göstərməsinə yaradılan əngəllər aradan qaldırılacaq. Seçkili institutlar öz yerini tutmasa, rayon icra başçılarını dəyişmək heç nəyi dəyişməyəcək. Kosmetik dəyişikliklərlə deyil, fundamental reformalarla tərəqqiyə nail olmaq mümkündür”.
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavinin, politoloq Niyaməddin Orduxanlı gələn il icra hakimiyyətləri institutunun ləğv ediləcəyini düşünür: “Azərbaycanda icra başçıları institutu sovet rejimindən qalmış bir idarəçilik formasıdır. Əhalinin böyük əksəriyyəti icra başçılarından narazıdır. Faktiki bu gün Azərbaycanda icra başçıları idarəçiliyi özünü doğrultmur. Azərbaycanda 3 formada idarəçilik tətbiq edilir. İcra hakimiyyətləri, yerli bələdiyyələr və Prezidentin xüsusi nümayəndəliyi. Məncə, dünyanın heç bir ölkəsində bu formada idarəçilik yoxdur. Həm də icra başçıları özlərini rayonun xanı, ağası, kiçik padşahı kimi aparır. Onlarla adlar çəkdiniz ki, bu adamlar icra başçıları vəzifələrini tuturlar. Araşdırma aparılsa, görmək olar ki, əhalinin ən çox narazı qaldığı strukturlardan biri də icra hakimiyyətləridir. İcra hakimiyyətləri ləğv edilməlidir. Mütləqdir ki, referendum islahatları aparılsın. Bu məsələ ölkənin gündəmində idi. Görünür, bu il nəzərdə tutulan seçkilər və beynəlxalq tədbirlər referendum keçirilməsinə imkan vermədi. Yəqin ki, gələn il Azərbaycanda referendum keçirilərək və icra başçıları ləğv ediləcək. Referenduma çıxarılsa, əhalinin böyük əksəriyyəti bu qurumun ləğv edilməsinin lehinə səs verəcək. Mən belə düşünürəm”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”