Bu həftə “Yeni Müsavat”a qarşı 4 məhkəmə iddiasına baxılacaq.
Musavat.com xəbər verir ki, iddialardan ikisi Gədəbəy hadisələri ilə bağlı yazdıqlarımız əsasında qaldırılıb.
Digər bir iddia milyarder Fərhad Əhmədovun Minval.az saytına (Media Qrupunun rusdilli xəbər saytı), başqa bir iddia isə keçmiş məmur, sabiq xüsusi xidmət orqanı əməkdaşı Hacı Salayev tərəfindən “Yeni Müsavat” Media Qrupuna, Media Qrupuna daxil olan minval.infoya (Azərbaycan dilli yayım) qarşıdır.
Məhkəmə iddiaları ilə bağlı “Yeni Müsavat” Media Qrupunun hüquqşünası Vaqif Hüseyn Musavat.com-a bildirib ki, iddiaların heç biri əsaslı deyil.
Hüquqşünas əminliklə bildirib ki, hər bir iddianın əsassızlığı məhkəmədə bir daha təsdiqini tapacaq: “ “Yeni Müsavat” Media Qrupu illərlə məhkəmə çəkişmələrində olmuş bir media quruluşudur və bizi məhkəmələrlə sıradan çıxarmaq qeyri-mümkündür. Bu günə qədər onlarla məmur – nazirlər, komitə rəhbərləri, ən müxtəlif kateqoriyaya aid vəzifə daşıyıcıları “Yeni Müsavat”ın üstünə belə iddialarla gəliblər. “Yeni Müsavat”ı məhkəmədə udanlar belə zamana, siyasətə uduzublar. Biz proseslərdən hər zaman haqlı çıxmışıq. Hazırkı iddialarla bağlı da haqlı çıxacağımıza əminik”.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, indiki durumda məhkəmələrə uzun zaman ayırmaq imkanlar xaricindədir:
“Media Qrupuna aid informasiya vahidləri bu gün düşmənlə informasiya müharibəsinin ön cərgəsindədir. Ölkəmizin İranla sərhədində çox ciddi olaylar baş verir. Azərbaycan diplomatiya, informasiya və hərb sahəsində sözün həqiqi mənasında hücum strategiyası gerçəkləşdirir. Belə bir vaxtda bizim Hacı Salayevlərə, Fərhad Əhmədovlara və digərlərinə ayıracaq zamanımız yoxdur. Amma prosedur gərəyi olaraq, Azərbaycan məhkəməsinə hörmətimizi nümayiş etdirərək müvafiq əməkdaşlarımız bu işlərlə məşğul olurlar”.
Rauf Arifoğlu bildirib ki, Media Qrupunun fəaliyyətini dayandırmaq üçün göstərilən çabalar əbəsdir: “Əgər “Yeni Müsavat”ı məhkəmələrlə dayandırmaq mümkün olsaydı, gərək 25 il əvvəl, 1998-ci ilin oktyabrında fəaliyyətimiz dayanardı. Hər zaman olduğu kimi mediaya qarşı çıxanlar məğlub olacaq və biz fəaliyyətimizi davam etdirəcəyik”.
Rauf Arifoğlu Hacı Salayevin iddiasından danışarkən deyib ki, tam əsassız bir iddia ilə üstümüzə hucum olunur:
“Bu iddianın diqqət cəlb etməsi 1 milyon təzminat tələbi ilə bağlıdır. Belə bir iddia düşmən tərəfin – ermənilərin də marağı, arzusu ola bilər. Ermənistana qarşı informasiya müharibəsinin əsas oyunçusunu bu şəkildə iflas etdirmək istəyini başqa adı yoxdur. Bununla belə, iddianın əsassızlığı göz qabağındadır, sadəcə qarşı tərəf bunu görmür”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com