Bu gün tarixi yalanın 109-cu ilidir - Qərb düşmənçiliyi yenə körükləyir

Rəsmi İrəvan inanmır ki, 1,5 milyon erməni öldürülüb; lakin ABŞ və Fransa saxta soyqırımı Türkiyəyə qarşı hələ də istifadə edir, hərçənd Ermənistanın zərərinədir...

Bu gün qondarma “erməni soyqırımı”nın 109-cu ildönümüdür. Müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları və Ermənistandakı revanşist qüvvələr bu ərəfədə xüsusilə fəallaşıblar. Amma maraqlıdır ki, İrəvanın bəzi rəsmiləri artıq yalançı “soyqırımı” iddiasına daha obyektiv yanaşmağa, reallığı öz adı ilə çağırmağa meyllənir. 

Ermənistanda ağıllı siyasətçilər başa düşürlər ki, ərazi iddiaları, saxta tarixlər, “erməni soyqırımı” ittihamları erməni cəmiyyətindəki böhranı daha da dərinləşdirir, iqtisadi, mədəni inkişafı tormozlayır. Qeyd edirlər ki, Ermənistan “erməni soyqırımı” iddialarını ya sübut etməlidir, ya da imtina. Əgər doğrudan da 1915-ci ildə Osmanlı torpaqlarında 1,5 milyon erməni öldürülübsə, onların hər birinin adı-soyadı göstərilməlidir. Heç o dövrdə ermənilərin ümumi sayı 1,5 milyon nəfər olmayıb. Baş nazir Nikol Paşinyan da eyni fikirləri səsləndirib. Yəni sənəd-sübutla təsdiq olunmalıdır ki, sayca nə qədər erməni öldürülüb. 

Erməni ideoloqları 109 ildir ki, dünyanı inandırmağa çalışırlar ki, guya 1915-ci il aprelin 24-də Osmanlının daxili işlər naziri Tələt Paşa “erməni əhalisinin dövlət səviyyəsində kütləvi öldürülməsinə” dair yazılı göstəriş veribmiş. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur. Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa 1915-ci il aprelin 24-də imzaladığı sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Türkiyə rəsmiləri təklif edirlər ki, arxiv sənədləri açılsın, məsələyə öncə tarixçilər, sonra siyasətçilər qiymət versin. 

Yeri gəlmişkən, Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlinib ki, 1915-ci ildə köçürülmə zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olub. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülüblər. Türkiyəni daim təzyiq altında saxlamaq üçün Qərbin silah kimi istifadə etdiyi “erməni soyqırımı” məsələsinin gündəmdən düşməsinə imkan vermir. Amma bu məsələnin mənfi təsirləri ən çox Ermənistana dəyir.

Ermənistanda isə erməni yalanının ifşa olunmasından qorxuya düşərək bu cür təklif səsləndirənlərə qarşı açıq təhdidlər var. Hesab edirlər ki, bu cür təkliflər Ermənistanın dövlətçiliyinə qarşı yönəlmiş qəbuledilməz addımdır. Hiss olunur ki, Ermənistan artıq “erməni soyqırımı” oyunlarından yorulub. Amma ABŞ və Fransa kimi dövlətlər regionda düşmənçiliyin səngiməməsi üçün hər il “erməni soyqırımı” ilə bağlı bəyanatlar verirlər. Ekspertlərə görə, ABŞ və Fransa “erməni soyqırımı”nın gündəmdə qalmasında indi Ermənistandan daha çox maraqlıdır. Ağ Ev rəhbəri Co Bayden “erməni soyqırımı” ifadəsini işlətmiş və Ankara ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. 

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, ötən əsrin 60-cı illərində qondarma soyqırımı iddiası ortaya atıldı: “Həmin dönəmdə Sovet İttifaqı bu məsələni gündəmə gətirdi. O zaman Türkiyə və ABŞ müttəfiq idi, İncirlikdə hərbi bazası yerləşdirilmişdi. Bu da SSRİ-ni narahat edən məsələ idi. Sonra "Karib böhranı" başladı, SSRİ Kubaya yerləşdi. O vaxtdan bəri qondarma soyqırımı bir alət kimi Türkiyə əleyhinə istifadə edilməyə başlandı. Sonrakı illərdə isə bu alətdən istifadə edən ölkələrin sayı daha da artdı. Əslində genosid olmayıb. İndi isə Paşinyanın hadisələrə öz yanaşması var. Onun nümayəndəsi açıqladı ki, baş nazir 1,5 milyon rəqəminə inanmır. Yəni Ermənistanın hökumət başçısı əl-qolunu bağlayan məsələlərdən uzaqlaşmağa, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Bu iddia isə əngəl olur. Ona görə bu istiqamətdə addım atmağa hazırlaşır". 

A.Nağının dediyinə görə, hətta Bayden uydurma soyqırımını dilə gətirdi, amma heç nə baş vermədi, Türkiyə soyuqqanlılıqla iddiaları rədd etdi, heç bir təzminat, tələb irəli sürülmədi: “Yəqin ki, 24 aprel yüksək səviyyədə qeyd olunmayacaq. İndi ermənilər Baydenin açıqlamasını yenidən eşitmək istəyəcək. Amma özlərini gülünc vəziyyətə salmış olacaqlar. İstisna deyil ki, ABŞ prezidenti eyni fikri təkrarlasın, revanşistlər qüvvələr də istifadə etsinlər. Eyni zamanda bəzi addımlar atmağa çalışacaqlar, Türkiyə və Azərbaycan bayraqlarını yandıra bilərlər, xüsusən kəndlərin qaytarılması radikalların əlinə fürsət verib, lakin bütövlükdə erməni cəmiyyəti başa düşür ki, bu iddiaları gündəmdə saxlamaq ölkənin inkişafına mane olacaq”.

Emil SALAMOĞLU   
“Yeni Müsavat”

24.04.2024 11:41
608