Bu gün Şuşa Şəhəri Günüdür

Bugün Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il keçir.

Musavat.com xəbər verir ki, 2020-ci il noyabrın 8-də, Azərbaycan Silahlı Qüvvələri, Prezident İlham Əliyevin rəhbərliyi altında, Şuşanı erməni işğalından azad etdi. Bu əlamətdar gündə, Azərbaycanın üçrəngli bayrağı şəhərin mərkəzinə sancıldı. Həmin gün Prezident İlham Əliyev, Şəhidlər xiyabanından xalqa müraciət edərək, Şuşanın azad olunduğunu elan etdi.

Şuşa döyüşləri, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı ən mühüm qələbələrdən biri oldu. Azərbaycan Ordusu, sıx meşələri, keçilməz yarğanları və dağ keçidlərini aşaraq Şuşaya doğru irəlilədi. 7 noyabrda, ordu şəhərin qayalıqlarına tırmanaraq, yüngül silah-sursatla Şuşaya daxil oldu. Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri, şəhərə bir neçə istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüb. Döyüşlər zamanı erməni tərəfi Şuşaya "İsgəndər" raketləri atıb, lakin Azərbaycan Ordusu tezliklə düşməni məğlub edərək şəhəri azad etdi.

2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa, Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

2023-cü il iyulun 31-də, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü olaraq qeyd ediləcək.

Həmçinin, 2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa, 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı olaraq seçildi.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğaldan sonra, şəhərin 22 min əhalisi məcburi köçkün olub və Azərbaycanın müxtəlif bölgələrinə yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 55 nəfər isə əsir götürülüb. 

 

Musavat.com

08.11.2024 00:00
408