Bu gün Qadınlar bayramıdır

Tənzilə Rüstəmxanlı: “Azərbaycan qadını ölkəmizin inkişafı fonunda özünün yüksəliş dövrünü yaşayır”

Bu gün, 8 mart Beynəlxalq Qadınlar Günü dünyada və ölkəmizdə geniş şəkildə qeyd edilən əlamətdar bir gündür. Bu bayram qadınların cəmiyyətə verdiyi töhfələri vurğulamaq, onların hüquqlarını müdafiə etmək və gender bərabərliyini təşviq etmək məqsədi daşıyır.

Ölkəmizdə 8 mart rəsmi bayramlar sırasına daxildir və bu gün qadınların ictimai, sosial və iqtisadi həyatda roluna diqqət yetirilir. Hər il bu tarixdə qadınlara olan sevgi və hörmət müxtəlif tədbirlərlə ifadə olunur - konsertlər, sərgilər, konfranslar təşkil edilir, xanımlara hədiyyələr təqdim olunur.

Eyni zamanda, bu gün qadın haqları mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi üçün də bir fürsət yaradır. Qadınların hüquq və azadlıqlarının qorunması, onların ictimai həyatda daha fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər gündəmə gətirilir.

Beləliklə, 8 mart yalnız sevgi və minnətdarlığın simvolu deyil, həm də qadınların səsi və mövqeyi üçün önəmli bir platformadır.

Bu gün Azərbaycan qadınının şəxsi və ictimai həyatda özünütəsdiq baxımından əsas qayğısı, problemi nədir? Ondan ötrü ən önəmli olan nədir? Azərbaycan qadını xoşbəxtliyi nədə görür - gözəl ailədə, gözəl peşədə, yoxsa?

Millət vəkili Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Gününü ruh yüksəkliyi şəraitində qeyd edir, layiq olduğu ictimai diqqət və qayğını məmnunluq duyğuları ilə qarşılayır:

Tənzilə Rüstəmxanlı: “Azərbaycan Qarabağ zəfərindən sonra bütün Türk  dünyasında sayılır-seçilir” – Yeni Çağ Media

Tənzilə Rüstəmxanlı

“Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətcilik mövqeyindən cıxış etmişlər.  Amma bu sahədə müəyyən problemlər də yox deyil. Azərbaycan qadınının şəxsi həyatda özünütəsdiq məsələsində qarşıya çıxan ən ciddi problem məişət zorakılığıdır.  Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qızqaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Hamılıqla mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin. İctimai həyatdakı fəaliyyətə gəldikdə isə vəziyyət xeyli qənaətbəxşdir. Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.   Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Bütün hallarda müharibələr, siyasi və iqtisadi böhranlar girdabında olan dünyamızda Azərbaycan qadını ölkəmizin inkişafı fonunda özünün yüksəliş dövrünü yaşayır”.

Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib:

“Azərbaycan qadını həqiqətən də xoşbəxt ailə arzusundadır. Yaşından asılı olmayaraq - istər gənc, istər yaşlı - hər bir qadın istəyir ki, sağlam ailə mühiti yaratsın, övladlarını düzgün tərbiyə etsin və onları cəmiyyətə layiqli şəkildə böyütsün. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq, qadınlar həm də karyera qurmağa, öz sahələrində uğur qazanmağa çalışırlar.

Son illərdə qadınlarımızın, xüsusilə də gənc nəslin karyera ambisiyalarının artması məni çox sevindirir. Çoxsaylı gənc qadınlarımız müxtəlif şirkətlərdə, dövlət qurumlarında, eləcə də özəl sektorda məsul vəzifələrdə çalışırlar. Bu, bir tərəfdən qadınların iqtisadi müstəqilliyini təmin edir, digər tərəfdən isə onların cəmiyyətin sosial və iqtisadi həyatında aktiv iştirakına şərait yaradır. Arzu edirəm ki, Azərbaycan qadınları daha da uğurlu olsunlar, hər biri öz sahəsində yüksəlsin və layiqli karyera qursun.

Bütün qadınlara tövsiyəm budur ki, heç vaxt işləməkdən, öz üzərlərində çalışmaqdan imtina etməsinlər. İşləsinlər, bilik və bacarıqlarını inkişaf etdirsinlər. Ailələrini sevsinlər, amma özlərini də unutmasınlar. Unutmayaq ki, qadın təkcə ailənin deyil, həm də cəmiyyətin fəal üzvüdür. Özlərinə vaxt ayırsınlar, sağlamlıqlarına, şəxsi inkişaflarına diqqət yetirsinlər. Ailə və karyeranı düzgün balanslaşdırmaq müasir qadının əsas məqsədlərindən biri olmalıdır.

Azərbaycan qadınlarının ən böyük qayğılarından biri ailədir - onlar üçün evin rifahı, ailə içində sakitlik və övladlarının gələcəyi hər zaman birinci yerdədir. Həyat yoldaşının evə az və ya çox pul gətirməsindən asılı olmayaraq, qadınlar bu çətinliklərə dözərək, ailənin yükünü çəkməyə çalışırlar. Hər zaman övladlarının yaxşı təhsil alması üçün əllərindən gələni edirlər.

Əvvəllər analar daha çox oğlan övladlarının təhsilinə üstünlük verirdilərsə, bu gün biz görürük ki, həm analar, həm də atalar qızlarının təhsilinə ciddi önəm verirlər. Çünki müasir dövrdə heç kim gələcəyə tam etibar edə bilmir. Qızların təhsilli və savadlı olması o deməkdir ki, onlar ailə qurduqları zaman həyat yoldaşlarından və onların ailəsindən iqtisadi cəhətdən asılı olmayacaqlar. Bu isə qadının həm ailədə, həm də cəmiyyətdə mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan qadını tarixən ictimai-siyasi həyatda fəal olub. Bu gün də biz çox sayda qadınlarımızı Milli Məclisdə, müxtəlif nazirliklərdə, dövlət qurumlarında, eləcə də ölkənin Birinci vitse-prezidenti səviyyəsində təmsil olunduğunu görürük. Lakin arzu edərdim ki, qadınlarımızın siyasi həyatda rolu daha da artsın, onların səsi daha yüksək çıxsın. Qadınların siyasətdə, dövlət idarəçiliyində və ictimai həyatın bütün sahələrində fəallığı ölkəmizin inkişafına mühüm töhfə verə bilər.

Sonda bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm! Arzu edirəm ki, hər bir qadın həm ailəsində, həm də iş həyatında uğurlu olsun, sevgi və hörmət içində yaşasın!"

Xalidə GƏRAY,
“Yeni Müsavat”

08.03.2025 09:57
238