Bu gün Gürcüstanda əhalinin ümumi siyahıyaalınması başlayacaq

Gürcüstanda əhalinin ümumi siyahıyaalınması ölkədə noyabrın 14-də başlayacaq və dekabrın 19-dək davam edəcək.

“Report” xəbər verir ki, proses ölkənin Milli Statistika Xidməti tərəfindən aparılacaq.

Gürcüstanda hər 10 ildən bir keçirilən siyahıyaalma ilk növbədə müasir texnologiyalardan istifadə edilməklə aparılacaq. Belə ki, statistika işçiləri ölkə sakinləri ilə müsahibələr aparacaq, evlərə və mənzillərə baş çəkəcək, elektron planşetlərdən istifadə etməklə məlumat toplayacaq.

Həmçinin, vətəndaşlar noyabrın 24-dək statistika xidmətinin internet saytında elektron sorğu anketlərini müstəqil şəkildə doldura biləcəklər. Siyahıyaalma təkcə Gürcüstan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək.

2024-cü ilin siyahıyaalınmasında Gürcüstanda yaşayan vətəndaşlardan əlavə, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı məlumatlar da toplanacaq. Milli Statistika Xidmətinin rəhbəri Qoqida Todradzenin izah edib ki, siyahıyaalma zamanı vətəndaşlar, həmçinin onların mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarının sahəsi və təyinatı, yetişdirilən üzüm sortları, mal-qara, quşların sayı və s. qeydə alınacaq.

2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanın əhalisi 3 milyon 713 min 804 nəfər olub. Araşdırmanın etnik komponentinə gəlincə, 2014-cü ildə ölkədə 3 224 564 gürcü, 233 024 azərbaycanlı, 168 102 erməni və 14 385 rus yaşayır. Bunlar Gürcüstanın ən böyük etnik qruplarıdır.

Gürcüstanda aparılan əhalinin siyahıyaalınması ilə bağlı ilk məlumat təxminən 2025-ci ilin iyununda dərc olunacaq.

14.11.2024 04:27
207