Bu gün Azərbaycan prezidentini seçir

6,5 milyon seçici 6537 məntəqədə səs verəcək - onların sırasında işğaldan azad rayonlarımız da var; 790 beynəlxalq müşahidəçi 72 beynəlxalq təşkilatı təmsil edir; 7 namizədin qatıldığı yarışda “Qarabağ fatehi” İlham Əliyevin inamla qələbə qazanacağı şübhə doğurmur

Bu gün Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkisi keçiriləcək. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

Səsverməyə hazırlıq saat 07:30-da başlanacaq. Saat 7:50-də seçki məntəqələri açıq elan ediləcək və seçki qutularının kilidlənməsi həyata keçiriləcək. Saat 08:00-da səsvermə açıq elan olunacaq. Saat 19:-00-da səsvermə başa çatacaq. Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə - saat 10.00; saat 12.00; saat 15.00; saat 17.00; saat 19.00-da səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatları təqdim etməlidirlər. İnformasiya Mərkəzi seçki günü və ondan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatları MSK-nın internet saytında ilkin məlumat kimi yerləşdirməlidir. 

MSK sədri seçkiqabağı mətbuat konfransında nələr dedi?

Növbədənkənar prezident seçkisi ilə əlaqədar fevralın 6-da Bakı Biznes Mərkəzində Mərkəzi Seçki Komissiyası rəhbərliyinin mətbuat konfransı keçirilib. MSK sədri Məzahir Pənahov bildirib ki, 7 fevral Azərbaycanda tarixi gündür. Bu seçki Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan seçiciləri suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Ordusu ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra bütün bu ərazilərdə səsvermə keçirəcəyik. Orada 26 məntəqə yaratmışıq. Bu ərazilərdə 22 mindən çox seçicimiz səs verəcək. 

M.Pənahov deyib ki, seçici siyahılarına əsasən, 6,5 milyona qədər seçicimiz var, onlar 6 537 məntəqədə səs verəcək.

MSK sədri deyib ki, seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsidir. Onun sözlərinə görə, 90 272 müşahidəçi qeydə alınıb.  Onlardan 760 nəfəri beynəlxalq müşahidəçilərdir: “Onların hamısı mötəbər təşkilatlardandır. Artıq tam tərkibdə müşahidəçilər buradadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilər var. TÜRK PA nümayəndələri də burada iştirak edir”.

MSK sədri qeyd edib ki, növbədənkənar prezident seçkisinə xarici medianın marağı böyükdür. Prezident seçkisini işıqlandırmaq üçün 109 beynəlxalq media qurumu müraciət edib.

M.Pənahov deyib ki, seçkilərin şəffaflığı baxımından heç bir problem olmayacaq. 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Veb-kameralar vasitəsilə 1000 məntəqədə MSK saytından da müşahidə aparmaq olar. Dünyanın istənilən nöqtəsindən bunu etmək imkanı yaradılıb. Bütün addımlar atılıb ki, şəffaflıq baxımından bütün imkanlardan istifadə edilsin. Veb-kamera təcrübəsi Azərbaycana aiddir. Məntəqələrimizdə bütün şərait yaradılıb. Hətta biz görmə qabiliyyəti olmayan insanlar üçün də səsverməyə şərait yaratmışıq. Əlillik arabasından istifadə edən şəxslər üçün 2000-dən çox məntəqədə şərait yaradılıb. Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək. Səsvermə kabinələrinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun qutuya bülleteni atmağını hamı görməlidir. Buna diqqət edilməlidir”.

MSK sədri onu da bildirib ki, seçkilər dünyada siyasi partiyaların iştirakı baxımından maraq doğurur. Azərbaycanda siyasi partiyaların seçkiyə marağı var: “7 namizəddən 5-i siyasi partiya nümayəndəsidir. 14 siyasi partiya da müşahidəçi kimi öz tərəfdarlarını cəlb edib”.

Azərbaycanın hüdudlarından kənarda olan seçicilərin də səsvermə hüququna malik olduğunu deyən MSK sədri 37 ölkədə 49 məntəqəsinin səfirliklərdə, konsulluqlarda yaradıldığını söyləyib: “Bu məntəqələrdə 23 mindən artıq seçici qeydə alınıb. Eyni zamanda Azərbaycanda səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alma da tələb olunur.

Prezident seçkisi ilə bağlı Mətbuat Şurasında (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri “qaynar xətt” kimi fəaliyyət göstərəcək. 

Namizədlər harada səs verəcək? 

Seçkidə 7 nəfər namizəd iştirak edir. Prezidentliyə namizədlər aşağıdakı seçki məntəqələrində səs verəcək:

İlham Əliyev - 7 saylı saylı Səbayel seçki dairəsinin 1 saylı məntəqəsi;

Zahid Oruc - 23 saylı saylı Nəsimi-Səbayel seçki dairəsinin 18 saylı məntəqəsi;

Razi Nurullayev - 8 saylı saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsi;

Qüdrət Həsənquliyev - 7 saylı saylı Səbayel seçki dairəsinin 38 saylı məntəqəsi;

Fazil Mustafa - 26 saylı saylı Sabunçu birinci seçki dairəsinin 3 saylı məntəqəsi;

Fuad Əliyev - 34 saylı saylı Xətai ikinci seçki dairəsinin 19 saylı məntəqəsi;

Elşad Musayev - 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsi;

Seçki dünya mediasının və beynəlxalq təşkilatların diqqətində

Dünyanın bir sıra nüfuzlu beynəlxalq media orqanları bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib: “Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. ABŞ-dən "Associated Press", Yaponiyada “Kyodo News”, “Nikkei”, Almaniyadan “ZDF Televiziyası”, İtaliyadan “La Repubblica”, Türkiyədən “Anadolu Ajansı”, “TRT”, “İhlas Haber Ajansı”, Rusiyadan “Rossiya 24", "RTR", “TASS”, “İzvestiya” və s. kimi xəbər mərkəzləri prosesə qoşulacaq.

Növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Onlar arasında MDB-nin baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri var.

ABŞ: “Seçkini diqqətlə izləyirik”

Seçkyə ABŞ-dan da maraq var. ABŞ Azərbaycanda bu çərşənbə günü keçiriləcək prezident seçkisini “diqqətlə izlədiyini” bəyan edib, xəbəri "Turan"ın Vaşinqtondakı müxbiri verib. “Azərbaycanda prezident seçkisini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm”, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "Turan"ın müxbirinin 7 fevral növbədənkənar prezident seçkisi və ATƏT-in məhdudiyyətlərlə bağlı müəyyən narahatlıq ifadə olunan aralıq hesabatı ilə bağlı mövqeyi haqqında sualına belə cavab verib. ATƏT DTİHB missiyası ötən həftə sonuncu aralıq hesabatında qeyd edib ki, Azərbaycanda fikri ifadə azadlığına, KİV azadlığına və informasiya əldə etmək hüququna zəmanət verilir.

7 fevral prezident seçkisi Azərbaycan tarixinin ən böyük hadisələrindəndir. Müstəqilliyimizin bərpa edilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçki keçiriləcək. Məsələn, bu gün Kəlbəcər şəhərində 2 seçki məntəqəsində 1478 seçici səs verəcək. 44 günlük müharibədən sonra azad edilmiş ərazilərin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb, əhalinin bir hissəsi öz evlərinə qayıdıb. Qayıdış prosesi davam edir. Bu seçicilər qeydiyyatda olduqları seçki məntəqələrində ilk dəfə səsvermə hüququndan istifadə edə biləcəklər. Bu seçkilər Azərbaycanın yeni hədəflərinə çatması üçün böyük əhəmiyyət daşıyır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”








07.02.2024 00:05
1025