Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün, 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Musavat.com-un məlumatına görə, bu günün yaranması alman sosialist qadın lideri Klara Setkinin təşəbbüsü ilə 1910-cu ildə Kopenhagendə keçirilən II Beynəlxalq Sosialist Qadınlar Konfransında təsis edilib.

Mahiyyət etibarilə 8 Mart qadınların ictimai-siyasi, iqtisadi hüquqları uğrunda mübarizədə həmrəyliyini ifadə edən bir gündür. Dünyanın bir çox ölkəsində bu tarix əsasən çalışan və əməkçi qadınların günü kimi qeyd olunur.

Tarixə nəzər yetirsək, 8 Mart ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildən isə Rusiyada rəsmi olaraq qeyd edilməyə başlanıb. 1975-ci ildə isə BMT tərəfindən rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi istiqamətində mühüm addımlardan biri olub. Azərbaycan həm Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, həm də BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən ölkəmiz qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

08.03.2025 00:09
482