Hüquqşünas: “Bu şirkətlərin heç birinin lisenziyası yoxdur”
Ali məktəblərə qəbul imtahanlarının nəticələri artıq bəllidir, abituriyentlər son mərhələni - apelyasiya şikayəti mərhələsini də geridə qoyublar. Avqustun 9-dan ixtisas seçimi başlayacaq. Bu il ölkədə 90 minə yaxın abituriyent ali məktəblərə qəbul olmaq üçün müraciət edib, qəbul planı isə 60 min civarındadır. Hər il olduğu kimi, bu il də xaricdə təhsil almaq istəyənlər az deyil. Sosial şəbəkələrdə də “xaricdə təhsil” reklamları tüğyan edir. Onların əksəri isə valideynləri tora sala bilər. Belə ki, kifayət qədər fırıldaqçılıq elementləri sezilən təkliflər var. Aldanmamaq üçün təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etmək lazımdır?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, xaricdə təhsil şirkəti ilə müqavilə bağlamazdan əvvəl şirkətlə bağlı araşdırma etmək vacibdir. Şirkətin fəaliyyət göstərdiyi müddət, nailiyyətləri araşdırılmalıdır:
“Bu gün xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur. Hər hansı bir lisenziya almayıblar. Vergi ödəyicisi kimi qeydiyyatdan keçib işə başlayıblar. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər. Bu gün əksəriyyəti təhsil yox, diplom düşündürür. Buna görə də xaricdə imtahansız təhsil onları maqnit kimi özünə çəkir. Çox vaxt bu cür diplomlar Azərbaycanda tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur”.
Natiq Ələsgərov deyib ki, vətəndaşlarımız məlumatsızlıq səbəbindən xaricdə təhsil fırıldağının qurbanına çevrilirlər: “Belə fırıldaqlar olsa da, xaricdə təhsil almaq üçün vətəndaşlarımızın can atması da başadüşüləndir. Azərbaycan təhsil sistemi yetkin mütəxəssis yetişdirmir. Bu problemin həlli üçün ilk növbədə peşəkar və təcrübəli müəllimlər yetişdirmək əsas şərtdir. Bu gün Azərbaycanda müəllimlərin peşəkarlığının və təcrübəsinin az olması, tələbələrin öyrənmə prosesinə mənfi təsir edir. Müəllimlərin müasir tədris metodlarından istifadə etməməsi tələbələrin təhsilində geriləməyə səbəb olur və onların öyrənmə imkanlarını məhdudlaşdırır. Müəllimlərin peşəkarlığının artırılması üçün müəllimlərin təlim və təkmilləşdirilmə proqramlarına qatılması təşviq edilməli, müəllimlərə müasir tədris metodları və texnologiyaları ilə tanış olmaq imkanları yaradılmalıdır. Eyni zamanda müəllimlərin iş yükünün düzgün tənzimlənməsi və onlara layiqli maaş və sosial imtiyazların verilməsi də önəmlidir. Bundan başqa, təhsil müəssisələri ilə iş dünyası arasında daha güclü əlaqələrin qurulması, təcrübə proqramları və işə düzəlmə imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda tələbələrə karyera planlaşdırması və iş axtarışı bacarıqlarını inkişaf etdirmək üçün lazımi dəstəyin verilməsi də önəmlidir. Azərbaycanlı tələbələrin təhsil sahəsində üzləşdiyi əsas problem təhsil keyfiyyətidir. Bu problemlərin həlli üçün təhsil sisteminin yenilənməsi, infrastrukturun yaxşılaşdırılması, maliyyə və psixoloji dəstək imkanlarının artırılması vacibdir. Eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, təhsil sisteminin daha effektiv olması və tələbələr üçün karyera və iş təcrübəsi imkanlarının genişləndirilməsi vacibdir. Tələbələrin qarşılaşdığı bu problemlərin həlli, onların daha parlaq gələcəyə sahib olmalarına xidmət edəcək. Azərbaycanın təhsil sistemi beynəlxalq səviyyədə rəqabətə davamlı olmasa, xaricdə təhsil cəlb edənliyini qoruyub saxlayacaq”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”