Ekspertlər hesab edir ki, yeni qanun layihəsi hazırlanmalıdır, vətəndaşlarla söhbəti tikintiyə icazə verən dövlət qurumu aparmalıdır
Bakı yenilənir. Xeyli ərazidə köhnə tikililər, yöndəmsiz həyət evləri sökülür və yerində müasir komplekslər yaradılır, yaxud da bəzi ərazilərdə park salınır. Paytaxtın digər rayonları ilə yanaşı, Xətai rayonunda bir sıra binaların sökülməsinə hazırlıq gedir.
Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur. (Modern.az) Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir. Burada xeyli yaşayış və qeyri-yaşayış sahəsi var.
Müşahidələr göstərir ki, ümumən Bakıda söküntü, köçürülmə işləri zamanı vətəndaşların bir çoxu isə onlara verilən kompensasiyadan narazı qalır. Hazırda Bakının bir neçə hissəsində, Nəsimi, Yasamal rayonlarında belə problemlər mövcuddur. İnsanlar onlara hər kvadratmetr üçün 1500-2000 manat arası pul ödənməsini ədalətsizlik hesab edirlər. Çünki bu qiymətə ev almaq mümkün olmur, şirkətlər elə onların evlərinin yerində tikdiyi binada mənzilin kv.m-ni 2500-3000 manata təklif edirlər...
Bir çox hallarda isə tikinti şirkətləri barbar üsullarla insanları bezdirir, evini qanunsuz uçurur və kefi istədiyi məbləği təklif edir. Sonunda isə bu narazılıqlar hökumətə yönəlir, etirazlar başlayır.
MMC-lərin belə özbaşınalıq etməsi indi adi hal alıb. Bəs bunun qarşısını almaq üçün bir mexanizm qurmaq mümkün deyilmi?
Yeri gəlmişkən, bir müddət əvvəl Bakının Nəsimi rayonu, Abbas Səhhət küçəsində sakinlərlə tikinti şirkəti arasında qalmaqal yaşanmışdı. Belə ki, qeyd edilən ünvanda “Anima” MMC-yə məxsus “Capital City” tikinti şirkəti yeni bina inşa etmək istəyirdi. Lakin sakinlər şirkətin verdiyi təkliflərlə razı deyildilər. Narazı vətəndaşlar deyirlər ki, şirkət onların evini söküb, əvəzində bina təhvil veriləndən sonra mənzil veriləcəyini vəd edir. Lakin vətəndaşlar binadan ev yox, onları qane edəcək kompensasiya tələb edir. Şirkətin verəcəyi kompensasiya isə sakinləri heç cür razı salmır.
“Musavat TV”yə danışan sakinlər bildiriblər ki, şirkət onlara heç bir xəbərdarlıq etmədən evlərinin qarşısına hasar çəkməyə çalışır. Etiraz edəndə də təzyiqlərlə üzləşirlər.
Elnur Fərzəliyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, söküntülər daha çox iki formada aparılır: “Birincisi, dövlət əhəmiyyətli söküntülərdir, yəni həmin ərazilərdəki torpaqların dövlət ehtiyacı üçün alınmasıdır. Digər söküntülər isə özəl sektorlar tərəfindən sökülərək daha çox onun yerinə yeni tikilən binalar inşa olunur. Dövlət əhəmiyyətli söküntülər zamanı ərazidəki daşınmaz əmlaklar və torpaq sahələri bazar qiymətləri ilə qiymətləndirilir. Vətəndaşa 20 faizdən artıq kompensasiya olaraq pul ödənilir. Yəni bu halda vətəndaşın əmlakının qiymətləndirilməsi ilə bağlı onun hər hansı bir narazılığı olarsa, təbii ki, o digər özəl qiymətləndirmə şirkətlərinə müraciət edər, öz əmlakının dəqiq bazar qiymətini çıxararaq bu məsələni məhkəmə qaydası ilə mübahisələndirə bilər. Başqa bir tərəfdən isə 2016-cı ildən başlayaraq paytaxt Bakıda pilot layihələr üzərində söküntü işləri gedir. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülərək yeni binalarla əvəzlənib. Özəl sektorun söküntüsü zamanı onlar vətəndaşlara pul deyil, daha çox sökdükləri ərazidən daşınmaz əmlakla əvəz edirlər. Yəni vətəndaşın evi sökülürsə, ona yeni ev təhvil verilənədək 2-3 il kirayə pulu ödənilir. Daha sonra yeni tikilən binadan vətəndaşa keçmiş mənzilin ümumi sahəsindən 20 faiz daha geniş tam təmirli mənzil verilir. Təbii ki, söhbətlər zamanı bir çox narazılıqlar yaranır”.
Ekspert əlavə edib ki, bəzi hallarda tikinti şirkətləri vətəndaşlara müəyyən problemlər yaratsalar da, bəzi hallarda da narazılıqlar vətəndaşlar tərəfindən yaradılır: “İnsanlar ev sökülən zaman onlara verilən yeni evlərə razı qalmır və daha böyük məbləğdə pul tələb edirlər. Artıq Bakının Baş planı təsdiqlənib. 2040-cı ilə qədər baş planda nəzərdə tutulmuş ərazilər sökülərək yeni infrastrukturlar qurulacaq, köhnə binaların böyük bir hissəsi sökülərək yeni binalarla əvəzlənəcək. Əgər hər hansı bir ərazinin söküntüsü özəl deyil, dövlət tərəfindən, tikinti şirkətləri tərəfindən aparılırsa, tikinti şirkətlərinin çoxmənzilli yaşayış binalarını, yaxud fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərini məcburi sökməsi üçün mütləq şəkildə həmin ərazinin qəzalı olması ilə bağlı FHN-in rəyi olmalıdır. Əgər rəydə həmin yaşayış binası qəzalı kimi qeydə alınıbsa və qəzalılığı sübut olunubsa, birmənalı olaraq vətəndaşlar onlara yeni tikilən binalardan mənzil verilən günə qədər həmin ərazilərdən köçməlidir. Tikinti şirkətlərinin isə köçən sakinlərə götürdükləri öhdəlik müddətində yeni tikilən binalardakı mənzilləri tikib vermək onların birbaşa vəzifə borcudur. Söküntülər zamanı bəzən olub ki, tikinti şirkətləri ərazinin bir hissəsini sökürlər, köçən sakinlərə kirayə pulu ödəyirlər. Digər hissədə bəzi sakinlərin köçməməsi səbəbindən artıq söküntü və tikinti prosesi uzanır. Bu zaman tikinti şirkətləri köçən sakinlərə məcburi kirayə pullarını davamlı ödəməli olur. Başqa tərəfdən, həmin sakinlər və aidiyyəti dövlət qurumları tərəfindən binanın tikilib təhvil verilməsi ilə bağlı götürdüyü müddət öhdəliyini yerinə yetirə bilmirlər. Bu da artıq bir çox tikinti şirkətlərinin iflasa uğramasına gətirib çıxarır. O baxımdan əvvəlki illərə nisbətən hazırda paytaxtda söküntü işləri daha ləng gedir. Bunun əsas səbəbi insanlarla bu sahə ilə bağlı təbliğatın aparılmamasıdır. Bu səbəbdən artıq tikinti şirkətləri üçün köhnə binaları söküb yenisi ilə əvəzləmək maraqlı deyil. Düşünürəm ki, bu prosesin sürətlənməsi üçün yeni qanun layihəsi hazırlanmalıdır. Vətəndaşlar arasında təbliğat işləri aparılmalıdır və tikinti şirkətləri hər hansı ərazini sökəcəklərsə, həmin ərazidəki sakinlərlə danışıqlara özləri deyil, o tikintiyə icazə verən aidiyyəti qurumlar danışığa çıxmalı, onlara qarantiya verməlidir ki, narazı suallar, problemlər yaranmasın”.
Qeyd edək ki, Bakı şəhərinin yeni açıqlanan baş planında paytaxtın inkişaf əraziləri və istiqamətləri də müəyyənləşib. Yeni binalar həm köhnə binaların yerində, həm də yeni ərazilərdə inşa ediləcək.
Ümumiyyətlə, hökumətin hesablamasına görə, əhali artımını və paytaxta əhalinin axınını nəzərə alanda qarşıdakı 17 ildə şəhərdə 142 min yeni mənzilə ehtiyac olacaq. Bunun 50 mini 2027-ci ilədək, 92 min isə 2040-cı ilədək tələb olunacaq. Bu mənzillərin tikintisi üçün təqribi yerlər müəyyən edilib. Baş plan müəlliflərinin fikrincə, Böyükşor gölü və ya Ələt kimi ərazilər yeni inkişaf sahəsi olacaq.
Şəhər kənarları ilə bağla plan belədir ki, - istifadə edilməmiş tikinti sahələrinin çoxluğunu və sıxlığın olduqca aşağı olduğu sahələri nəzərə alaraq, əhalinin təbii artımı nəticəsində yaranacaq tələbatın mövcud yaşayış məntəqələrinin “hüdudları” daxilində ödənilməsi üçün kifayət qədər yer mövcuddur.
Digər tikinti ərazisi Bakının mərkəzindəki köhnə tikililər olacaq. Şəhərin mərkəzi ərazilərində müasir standartlara cavab verməyən və kommunal infrastruktur ilə təminat baxımından çatışmazlıqların olduğu köhnəlmiş mənzil fondunun yerləşdiyi ərazilər mövcuddur. Bu gün qeyd olunan ərazilər yeni inşa olunmuş binalar və inkişaf etmiş ərazilərlə əhatə olunmuşdur. Küçə və keçidlərin dar olması səbəbindən həmin ərazilərin əksəriyyətinin lazımi səviyyədə giriş-çıxış imkanları da yoxdur.
Bununla yanaşı, kiçik məhəllələr daxilində yerləşən fərdi evlər arasındakı boş torpaq sahələri və əsasən Bakının mərkəzində yerləşən yenidən qurulacaq ərazilər (köhnəlmiş yaşayış binalarının yerləşdiyi ərazilər) mövcuddur. Amma boş torpaq sahələri əsasən özəl mülkiyyətçilərə və ya şirkətlərə məxsusdur. Buna görə, gələcəkdə mənzil tələbatını ödəmək üçün bu ərazilərdən istifadə mümkün olmaya bilər. Bunu nəzərə alaraq, Baş Plana əsasən tələbatın bir hissəsinin kənd tipli yaşayış ərazilərindəki boş sahələr hesabına ödənilməsi nəzərdə tutulur.
Ümumilikdə paytaxtda mənzilə olan tələbatın qarşılanması üçün Baş Planda təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada lazım olandan da artıq - yəni təqribən 200 min mənzilin tikilməsi mümkündür. Digər tələb olur ki, 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsi indiki 20,8 m2-dən 25 m2-ə qədər artırılsın.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”