Mayın 26-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı onlarla ailəyə sevinc, onlarla insana yeni bir başlanğıc bəxş etdi.
Penitensiar müəssisələrin dar qapıları bu dəfə azadlığa açıldı...
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sərəncamın icrasını yüksək dəqiqliklə həyata keçirdi. Ombudsman Aparatının nümayəndələri, İctimai Komitə üzvləri, dövlət qurumlarının təmsilçiləri və media əməkdaşları da prosesin şəffaf və humanist şəkildə həyata keçirilməsinə şahidlik etdilər. Bu sərəncamla azadlığa buraxılanlar arasında həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər var. Məhkumlar peşman olduqlarını, bu əfvin onlar üçün yeni həyat şansı olduğunu deyirlər.
Azadlığa buraxılan məhbus:"Mən bu gün azadlığın nə qədər müqəddəs olduğunu dərk edirəm. Cənab Prezidentə bu imkana görə təşəkkür edirəm. Söz verirəm ki, bir daha bu cür səhv etməyəcəyəm".
Bu anlar təkcə azadlığa çıxanlar üçün yox, onların ailələri üçün də unudulmaz idi. Göz yaşları, sevinc və illərin həsrəti ilə açılan qucaqlaşmalar...
Əfv olunan məhbusun qardaşı:"Bu günü illərlə gözləmişdik. Artıq qardaşım yanımdadır. Allah Prezidentdən razı olsun!".
Azadlığa yeni qədəm qoyanlar sanki real olmadığını düşünürdülər. Bir-birinə baxır, “Həqiqətənmi azadıq?” deyə soruşurdular.
Əfv -bu yalnız azadlıq deyil. Bu, bağışlanma, yeni başlanğıc, həyatın özünə dönüş deməkdir. Prezidentin imzaladığı bu sərəncam bir daha göstərdi ki, Azərbaycan dövləti insanın islahına, onun yenidən həyata qayıtmasına inanır. Bu gün azadlığa çıxan hər kəs üçün yeni bir səhifə açılır...
Şahanə Rəhimli
Musavat.com