Bu dəfə İstanbulu O QARIŞDIRDI: İnsanlar AYAĞA QALXDI - FOTO

İstanbulun Güngören Bələdiyyəsinin qəbul etdiyi yeni qərar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Güngören Bələdiyyə başçısı Bünyamin Demirin açıqladığı qərara əsasən, bölgədə bir bina inşa etmək istəyənlərə bir əlavə mərtəbə, qonşu binalarla birləşərək aparılan şəhərsalma yenilənməsi halında isə iki əlavə mərtəbə tikmək hüququ veriləcək.

DEMİR.jpg (280 KB)

Bu qərar mütəxəssislər və vətəndaşlar tərəfindən tənqid edilib. Sosial media və yerli platformalarda çox sayda istifadəçi İstanbul kimi yüksək zəlzələ riski olan bir şəhərdə bu cür tətbiqlərin daha çox risk yaradacağını bildirib.

Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğanın illərdir vurğuladığı “üfüqi memarlıq” çağırışına istinad edilərək bu qərarın həmin anlayışla ziddiyyət təşkil etdiyi qeyd olunur.

Şəhər planlaşdırıcıları və Memarlar Palatasının nümayəndələri əlavə mərtəbə icazəsinin şəhərsalma yenilənməsini sürətləndirmək əvəzinə tikinti sıxlığını artıraraq nəqliyyat, infrastruktur və təbii fəlakət risklərini dərinləşdirə biləcəyini vurğulayırlar.

Aytən Novruz
Musavat.com

17.05.2025 13:30
1750