“Bu baş verməli idi...”

Yağan yağışlar paytaxtda və ətraf ərazilərdə ciddi problemlər yaratdı, bəzi əsas yollar bağlandı; “Yağış Bakını niyə bu günə saldı” sualına rəsmi cavablar

Oktyabrın 21-i axşamdan  Bakıda və Abşeronda yağan yağışlar paytaxtda və ətraf ərazilərdə ciddi problemlər yaradıb, bəzi əsas yollar bağlanıb ki, bu da saatlarla davam edən tıxaclar yaranıb.

Bakının icra başçısı: “Proses göz qabağındadır...”

“Normadan artıq yağıntı olduğu zaman belə hal yarana bilər. Mən bu sözdən qorxmuram”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib. Bakı meri bildirib ki, bu, təbii fəlakətdir: “Proses göz qabağındadır, normadan artıq yağıntı olub. İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda, birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”.

“Vəziyyətin bu həddə gəlib çatmasının ən əsas səbəbi...”

“Bir neçə gündür respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır. Bu da tullantı sularının axıdılması, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda, təbii ki, problemlər yarada bilir. Əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulmuşdursa, ondan dəfələrlə çox su miqdarı şəhərimizin küçələrində yaranıbsa, belə hal baş verməli idi”.

Tanınmış jurnalist Ceyhun Musaoğluna vəzifə verildi

Ceyhun Musaoğlu

Bunu isə Modern.az-a yağıntıların fəsadlarının aradan qaldırılması ilə bağlı danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib. Onun sözlərinə görə, problemin kökünə nəzər saldıqda, vəziyyətin bu həddə gəlib çatmasında xeyli səbəblər aşkara çıxarıla bilər: “Vəziyyətin bu həddə gəlib çatmasının ən əsas səbəbi yağışın normadan artıq yağmasıdır. Digər tərəfdən, Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir və dəyişdiriləcək. Yağış suları axıdan drenaj sistem və tullantı sularını axıdan sistem fərqli fəaliyyət göstərir. Amma bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşib eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bununla yanaşı, biz 15, 20, 30 il əvvələ baxanda görərik ki, Bakıda 2 milyon əhali olub. Bu qədər tikintilər, evlər də yox idi. Amma bu gün Bakı şəhərində 5 milyondan çox əhali var. Tikintilərin də sayı yüz dəfələrlə artıb. Bunların içərisində həyət evlərinin sayı da artıb. Bu evlər də harada gəldi inşa olunub. Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kollektorların üzərində inşa olunub. Əksər kollektorlarımız qapalı vəziyyətdədir. Onların üzərinə beton tökülüb. Bütün bunlar baş verib. Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ona görə yaradılıb ki, bu neqativ vəziyyəti aradan qaldırsın. Əvvəl təkcə "Azərsu" var idi. Bu gün isə ADSEA var. Bu agentliyin tərkibində 5 publik hüquqi şəxs, 1 xidmət fəaliyyət göstərir. Onlar İri Şəhərlərin Birləşmiş Su Təchizatına xidmət edir. Onlardan biri Regional Su Meliorasiya Publik Hüquqi Şəxsidir. Bunlar onu deməyə əsas verir ki, bu kimi neqativ vəziyyətlər mütləq aradan qaldırılacaq".

Bakıda sel fəlakəti: Onlarla maşınlar və yardıma gələn texnikalar suyun  altında qaldı - TƏCİLİ XƏBƏR/FOTO » Ekologiya.az - Təbiət bizə bilik yox ,  biliyin toxumların verir

Ceyhun Musaoğlu vurğulayıb ki, yağıntılarla bağlı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Onsuz da İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su və kanalizasiya sistemləri ilə məşğul olan qurumumuzun əməkdaşları gecə-gündüz fəaliyyətdədir. Su xətlərində baş verən qəzaların aradan qaldırılmasının saatı olmaz. Bütün günü əməkdaşlarımız küçələrdədir, əhalinin su keşiyini çəkirlər. Normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı olaraq demək olar ki, bütün əməkdaşlarımız, rəhbərlik də daxil, hadisə yerindədir”.

 Qurum rəsmisi bildirib ki, hər gün su-kanal idarələri drenaj sistemlərinin təmizlənməsi ilə bağlı hesabatlar verir: “Hər gün aparılan işlərlə bağlı foto və videolar təqdim edilir. Harada nə problem yaranırsa, tez zamanda aradan qaldırılır. Düzdür, problemlər yaşayırıq, amma bizim qəza xidmətimizin əməkdaşları həmin problemin həlli üçün anında hərəkətə keçirlər. Bəzən isə işçi qüvvəsi, texnika çatdırmaq olmur. Qobuda, Lökbatanda qayalarda suyun axıdılması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib. Artıq su həmin cığırlardan axıb kanallara tökülə bilmir ki, sonda dənizə tökülsün”.

Bakıda sel-sudan 25 nəfər təxliyə edildi - FHN

Valideynlərə xəbərdarlıq: “Azyaşlı məktəblilər...”

Yağan yağıntılar məktəblərdə şagirdlərin davamiyyətinə ciddi təsir etməyib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb. Bildirilib ki, bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır: “Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”.

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub. Qeyd edilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi idarələrdə köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Mühafizə Xidməti Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin köməyinə cəlb edilib. Görülmüş tədbirlərlə bir sıra idarələrdə suyun çəkilərək bağlanması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Yağışlar nə vaxt kəsəcək?

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu gün də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

23.10.2024 11:43
1057