"Bu baş verərsə ABŞ-a inam tamamilə sarsılacaq”-Arzuman Abdulkərimovdan ÖNƏMLİ MÜSAHİBƏ

 

“Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Arzuman Abdulkərimov günün aktual mövzuları ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

-Arzuman bəy, sabah Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Ermənistanla hərbi pakt imzalanacağı barədə məlumatlar yayılıb. 5 aprel görüşü Cənubi Qafqaz regionuna nə vəd edir?

-Bu üçtərəfli konfransda müzakirə olunacaq məsələlərdən biri də Ermənistana ABŞ və Avropa İttifaqı tərəfindən hərbi təhlükəsizlik istiqamətində dəstəyin verilməsidir. Ermənistanla bu istiqamətdə paktın imzalanacağı gözlənilir. Hələ NATO baş katibinin bu yaxınlarda regionumuza səfəri zamanı bildirmişdim ki, bu səfər daha çox Ermənistana dəstək məqsədli səfərdir. Brüsseldə üçtərəfli konfransın keçiriləcəyi məsələsi məhz bu səfərdən dərhal sonra açıqlandı. Ermənistana hərbi dəstək verilməsi Cənubi Qafqaz regionunda sülh perspektivini sual altına qoya bilər. Bölgənin gələcəyi üçün çox böyük risklər meydana gətirər.

-5 aprel görüşünə iki gün qalmış ABŞ Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev zəng etməsini necə şərh edərdiniz? Bu görüşün Azərbaycana qarşı olmadığını bildirməsində sizcə Blinken səmimidirmi?

-Hiss olunan odur ki, ABŞ  tərəfi Ermənistanla hərbi pakt imzalanmasına ehtiyatla yanaşır. 5 aprel görüşü ərəfəsində ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsi çox ciddi hadisədir. Bildiyiniz kimi bundan bir neçə gün öncə ABŞ Dövlət Departamenti belə bir bəyanatla çıxış etdi ki, 5 apreldə Ermənistanla ancaq humanitar yardımlar, Ermənistan iqtisadiyyatının gücləndirilməsi, Ermənistandakı demokratik proseslərə dəstək kimi məsələləri müzakirəyə çıxarılacaq. Bəyan edilmişdi ki, hətta Azərbaycan və Ermənistan sülh danışıqları bu görüşdə müzakirə edilməyəcək. Bu bəyanat diplomatik formada verilmiş bir bəyanat idi və onun səmimiyyətinə şəxsən mən inanmıram. ABŞ rəhbərliyi gördü ki, bu bəyana Azərbaycan cəmiyyəti inanmadı. Bundan sonra dövlət katibi şəxsən özü Prezident İlham Əliyevə zəng etməli oldu. Blinkenin 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirməsi Azərbaycandakı narazılıqları azaltmağa xidmət edir. Ancaq məsələ burasındadır ki, onun səmimiliyinin nə dərəcədə olduğunu bilməyimiz üçün elə də uzun müddət qalmayıb. Blinkenin dediklərinin əksi baş verəcəyi halda Azərbaycan dövlətində, cəmiyyətində başda ABŞ olmaqla Qərbə inam tamamilə sarsılacaq. Əgər ABŞ Cənubi Qafqazda sülh istəyirsə, Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etməlidir, Ermənistanda revanşizmin güclənməsinə xidmət edən addımlar atmamalıdır. 5 apreldə çox şeylərə aydınlıq gələcək.

-Bölgənin böyük dövləti olan Rusiya Ermənistanı məhz 5 apreldən sonra ciddi cəzalandıra bilərmi?

-Bu məsələyə Rusiya və İranın da rəsmi mövqeyi hələ tam açıqlanmayıb. Görünən odur ki, hər iki dövlət prosesi ciddi müşahidə edir. İran tərəfindən hələ bu görüşlə bağlı heç bir açıqlama eşitməmişik. Amma Rusiya tərəfindən narahatlıq olduqlarını ifadə edən bəyanatlar verilib. Azərbaycan tərəfi də prosesi diqqətlə izləyir və üçtərəfli konfrans kimi təqdim edilən 5 aprel görüşünə Azərbaycan daha kəskin mövqe ortaya qoyub. Çünki dediyimiz kimi, Ermənistana hərbi dəstək verilməsi Cənubi Qafqaz regionunda sülh perspektivini sual altına qoya bilər. Azərbaycan isə sülh istəyən dövlət kimi sülhü pozacaq istənilən addımları pisləyir. Hər kəsi bu addımlardan çəkinməyə çağırır.

Ermənistanın əli ilə kollektiv Qərb Güney Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Bölgəni Ermənistan vasitəsilə müharibə meydanına çevirmək, Rusiyanı isə bu müharibəyə cəlb etmək istəyir. Məqsədlərdən biri Rusiyanın enerjisinin bir hissəsini Ukraynadan yayındırmaq, Rusiya üçün ikinci savaş meydanı yaradıb, Rusiyanın qüvvələrini bu iki meydanın arasında ikiyə bölməkdir. Qərb bilir ki, Güney Qafqaz Rusiya üçün vazkeçilməz strateji əhəmiyyətli bölgədir. Ona görə də Rusiyanın bu bölgəni asanlıqla əldən verməyəcəyi bəllidir.

-Prezident İlham Əliyev sizi “Heydər Əliyevin 100 illiyi medalı” ilə təltif edib. Bu təltifi necə qarşıladınız? Belə bir böyük təltifin olacağını gözləyirdinizmi?

-Öncə cənab Prezident İlham Əliyevə məni bu cür böyük təltifə layiq bildiyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Açığını deyim ki, bu cür böyük təltif mənim üçün gözlənilməz idi. Bu, mənə bir xoş sürpriz oldu. Dövlət tərəfindən yüksək medala layiq görülməyimi çox böyük qiymətləndirirəm. Təsnifatına görə, “Heydər Əliyevin 100 illiyi medalı” Azərbaycanda olan 99 medaldan ən birincisidir. Ordenlərdən sonra düzülüşdə ilk yerdə məhz bu medal duracaq. Belə bir medalla təltif olunmağımı özümə böyük etimad hesab edirəm. Heydər Əliyev kimi siyasət nəhənginin adını daşıyan medala layiq görülmək böyük şərəfdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzası ilə medalla təltif olunmaq qürurvericidir. Eyni zamanda bu təltif üzərimizə vətənə, xalqa, dövlətə xidmət işində əlavə böyük məsuliyyət qoyur. 

 

Etibar Seyidağa,
Musavat.com

04.04.2024 15:10
1074