"Bu avtobusa 30 qəpik də çoxdur"- sərnişinləri narazı salan marşrutlar- Reportaj


Aprelin 8-i Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Onlar xərclərinin çox olduğunu qeyd edib, gediş haqqının qaldırılmasını istəyiblər.

Tarif Şurası isə açıqlama yayaraq bildirib ki, hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Bəs sərnişinlər nə deyirlər? Onlar ictimai nəqliyyatda göstərilən xidmətdən razıdırlar?

Sərnişinlərin fikirlərinə keçməzdən öncə qeyd edək ki, sosial şəbəkələrdə, insanlar arasında gediş haqqının hətta 70 qəpiyədək qaldırılacağı iddia olunub.



Musavat.com-un əməkdaşı kimi sərnişinlərlə həmsöhbət olduğumuzda demək olar onların əksəriyyətinin marşrutların vəziyyətindən narazı olduqlarını öyrəndik. Sərnişinlər xüsusilə də avtobusların natəmiz, nasaz və kiçik tutumlu olmasından şikayətlənirlər.
Ələlxüsus 103, 105, 118 nömrəli marşrutlardan şikayətlər daha çoxdur. Sakinlər bu marşrutlardan istifadə edərkən, özlərini təhlükəsiz hiss etmədiklərini deyirlər. Onlar yayda isti, qışda soyuq olan bu "cəhənnəm avtobusları"na əlacsızlıqdan mindiklərini bildiriblər.

“Hətta elə avtobuslar var, qapıları tam örtülmür. Qışda qapının arasında elə soyuq gəlir ki, elə bil çöldə gedirsən. Məsələn, 105 nömrəli marşrutunun əksər avtobusları dediyim gündədir”,-deyə onlar qeyd ediblər.



Tələbələr də qiymət artımına sərt şəkildə etiraz edirlər:

“ Gündə ən azı 2-3 dəfə, hətta bəzən daha artıq nəqliyyat vasitələrindən istifadə edirik. Xüsusilə, avtobuslardan. Əlbəttə ki, bu qiymət artımı bizə heç sərf etmir. Gediş haqqı hazırda 30 qəpikdir, amma bu, yenə də çoxdur. Bizə, sosial vəziyyəti aşağı olan insanlara, ailələrə bu həqiqətən də çox təsir edir. Bəzi tələbələr hətta təqaüd almağına baxmayaraq, yenə də çətinlik çəkirlər. Bəs almayanlar necə? Onların əksəriyyətinin vəziyyətini siz təxmin edin. Qiymət artımı yerinə bəzi marşrutların gediş haqlarını bir az endirsələr daha yaxşı olar”.



Bir qrup sakin isə başqa bir problemdən şikayətçidir. Onların şikayəti bəzi avtobuslarda gediş haqqının 40, 50 qəpik olmasıdır. Düzdür, bu uzun məsafə qət edən avtobuslara aiddir, amma bir neçə dayanacaq getmək üçün həmin məbləği ödəmək onlara sərf etmir.

“Biz niyə 3-4 dayanacaq getmək üçün 30 qəpik yerinə 40, 50 qəpik ödəməliyik? Qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırdılar, səs etmədik. Amma bu qədəri də olmaz. Özümüzdən əlavə övladlarımız üçün də həmin məbləği ödəyirik. 2-3 uşaqlı ailələr nə etsin bəs?”-deyə onlar etirazlarını bildiriblər.
Ekspertlər bildirirlər ki, ictimai nəqliyyat normal işləyərsə Bakıda tıxac problemi də aradan qalxar.
Onların sözlərinə görə ictimai nəqliyyatdakı problemlərə görə insanlar borc-xərc edib özlərinə şəxsi avtomobil alır, və ya taksi ilə getməli olurlar. Bu isə yoldakı sıxlığı artırır.


Anar Əhməd,
Musavat.com

 

 

 

 

 

11.04.2022 16:11
1717