Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarışanların diqqətində olan əsas məsələ keçid balları ilə bağlıdır.

Maraqlıdır, hansı ixtisas qrupunda keçid ballarının yüksəlmə ehtimalı daha çoxdur?

Mövzu haqda “Yeni Sabah”a danışan təhsil eksperti Cahid İmanlı bu suala aydınlıq gətirib:

“Hazırda abituriyentlər ali məktəbə qəbul imtahanının 2- ci mərhələsi, yəni blok imtahanının 1-ci cəhdinə qeydiyyatdan keçərək öz seçimlərini ediblər. Belə ki, ümumilikdə 85124 abituriyent 1-4-cü qruplar üzrə qeydiyyatdan keçib. Onların qruplar üzrə nisbəti belədir. 1-ci qrup üzrə 30130, 2-ci qrup üzrə 23939, 3- cü qrup üzrə 25132, 4- cü qrup üzrə isə 5923 nəfər. Statistikadan göründüyü kimi, say etibarı ilə 1-ci qrupa sənəd verənlər çoxluq təşkil edir. Lakin bu ilk növbədə, məhz həmin qrupda balların kəskin şəkildə qalxacağı demək deyil. Çünki 1-ci qrupda plan yerlərinin də sayı digər qruplara nisbətən daha çoxdur. Hazırda hansı qrupda balların daha çox qalxmasını keçən ilin statistikasının müqayisəsinə görə demək olar. Keçən ilə nisbətən bu il 3-cü qrupa 2986 nəfər, 1-ci qrupa 1268 nəfər, 2 - ci qrupa 775 nəfər, 4 qrupa isə 347 nəfər daha çox sənəd verib. Bu baxımdan ixtisaslar üzrə balların ən çox artımına ilk növbədə 3 qrupda rast gəlinəcək. Ən asan qrup isə 2-ci qrup olacaq”.

Ekspert abituriyentlərə ixtisas seçimində diqqətli olmağı tövsiyə edir:

“Məlumat üçün deyim ki, 5 qrup ixtisaslarında da böyük rəqabət gözlənilir və bu rəqabət hər il daha da artır. Təəssüf ki, bu il plan yerlərinin sayından asılı olaraq təxminən 30 minə yaxın abituriyent ali məktəbə daxil ola bilməyəcək. Onlara tövsiyyəm odur ki, xüsusən bu il ixtisas seçimlərində təcrübəli mütəxəsislərə müraciət etsinlər”.

08.05.2024 22:52
16715