Bu 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı

Ən azı 7 ölkə - ABŞ, Almaniya, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya Ukraynanın NATO-ya dəvət olunmasının əleyhinədir.

Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.

ABŞ-ın NATO-dakı səfiri Culian Smit sayta müsahibəsində alyansın hazırda Ukraynaya üzvlük təklif etməyə hələ hazır olmadığını açıq şəkildə dilə gətirib. Volodimir Zelenski özü də Almaniyanın Ukraynanın NATO-ya qoşulmağa hazır olmasına şübhə ilə yanaşdığını ifadə edib. Lakin bununla belə, Berlin və Vaşinqton Ukraynanın nə vaxtsa alyansa üzv ola biləcəyini istisna etmir.

NATO-nun daha iki ölkəsində - Macarıstan və Slovakiyada hazırda hakimiyyətdə Kreml yönümlü populist partiyalar var, Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya hərbi yardım göstərmək planlarını dəfələrlə əngəlləyib.

Bununla belə, Vaşinqton və NATO-da adının çəkilməsini istəməyən mənbələr digər ölkələrin də Ukraynanın alyansa qoşulmağa hazır olduğuna əmin olmadığını qeyd edirlər.

“Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar Ukraynanın üzvlük perspektivinə şübhə ilə yanaşır”, - deyə sayt həmin mənbələrin birindən sitat gətirib.

NATO-ya üzvlük Volodimir Zelenskinin keçən həftə təqdim etdiyi “qələbə planı”nın əsas məqamlarından biri sayılır.

Musavat.com

24.10.2024 13:06
345