Brüsseldə “artsax” itkin düşdü, Minsk Qrupu yoxa çıxdı: Paşinyanın əlində Əliyevin beş şərti qaldı

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin məhz rəsmi Bakının müəyyən etdiyi şərtlər əsasında hazırlanacağı birmənalı şəkildə təsdiqləndi; Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onlara vətəndaşlıq statusunun verilməsi ilə bağlı problem də artıq yalnız Azərbaycanın daxili məsələsidir...

Cənubi Qafqazda yeni mərhələnin başladılması qarşısında əsas əngəllər aradan qalxmaqdadır. Bu mərhələnin necə ola biləcəyi isə böyük ölçüdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin nəticələrindən birbaşa asılıdır. Və bu baxımdan, son dövrlərdə bu istiqamətdə atılan addımlarda müsbət irəliləyişlərin olduğu da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, aprelin 6-da keçirilmiş və sayca ikinci olan Brüssel görüşünün Cənubi Qafqaz üçün sülhə və sabitliyə aparan yolun başlanğıcı olduğunu düşünmək üçün də kifayət qədər ciddi əsaslar var. Belə ki, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşündə olduqca ciddi nəticələr mövcuddur. Və bunun belə olduğu həm verilən açıqlamalarda, həm də ictimailəşdirilmiş ümumi sənədin məzmununda öz əksini tapır.

Onu da qeyd etmək lazımdır ki, Brüssel görüşünün nəticələri beynəlxalq məkanda Ermənistanın “kaprizlər”inin artıq heç kimi maraqlandırmadığını da təsdiqləyir. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sona məlum oldu ki, müzakirələr əsasən rəsmi Bakının sülh müqaviləsi üçün təklif etdiyi beş şərt üzərindən aparılıb. Ermənistanın həmin şərtlərə etdiyi “əlavələr” isə ümumiyyətlə, yada salınmayıb.

278113470_10228120178572747_2171653951606213946_n.jpg (39 KB)

Məsələ ondadır ki, Azərbaycanın təklif etdiyi beş şərt birməmalı şəkildə beynəlxalq hüquq normalarına söykənir. Hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, ərazi iddialarından imtina edilməsini, sərhədlərin delimitasiya və demarkasiya prosesində beynəlxalq səviyyədə tanınmanın əsas prinsip olaraq müəyyən edilməsini nəzərdə tutur. Və rəsmi İrəvan Azərbaycanın bu beş şərtini qəbul etdiyini etiraf etmək məcburiyyətində qalıb.

Digər tərəfdən, Brüssel görüşünün nəticələri məlum olduqca, bəzi ümumi anlaşmalar barədə də təsəvvürlər daha aydın xarakter daşımaqdadır. Artıq Azərbaycan və Ermənistan liderləri tərəfindən hər iki ölkənin xarici işlər nazirlərinə yekun sülh sazişinin mətninin hazırlanmasını təmin etmək tapşırılıb. Sərhədlərin delimitasiya və demarkasiyası üçün də ortaq komissiyanın yaradılması prosesinin aprelin sonuna qədər yekunlaşdırılması qərarlaşdırılıb.

Brüssel görüşünün ən önəmli nəticələri sırasında iki önəmli məqam da yer alır. Birincisi, bu görüşdən sonra ictimailəşdirilən sənəddə “Dağlıq Qarabağ” barədə heç bir qeyd yoxdur. Yəni, dünya erməniləri bundan sonra “Dağlıq Qarabağ” və ya “artsax” xəyalları ilə birdəfəlik vidalaşa bilərlər. Və bu, artıq “keçmişə dönüş”ün olmayacağını birmənalı şəkildə təsdiqləyən önəmli məqamdır.

Düzdür, baş nazir Nikol Paşinyan Ermənistana döndükdən sonra bəyan edib ki, rəsmi İrəvan üçün “erməni əhalinin təhlükəsizliyi” və “Dağlıq Qarabağın yekun statusu” prinsipial əhəmiyyət daşıyır. Onun fikrincə, bu məsələlər Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun slüh sazişi çərçivəsində həll olunmalıdır. Və bu açıqlamanın Ermənistan cəmiyyətini sakitləşdirmək üçün verildiyi də açıq aşkar nəzərə çarpır.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Digər tərəfdən, bu açıqlamada erməni baş nazirin hiyləgər söz oyunu da diqqətdən yayınmır. Belə ki, rəsmi Bakının bu məsələ ilə bağlı birmənalı mövqeyinin artıq dəfələrlə açıqlanıb. Azərbaycan öz ərazisində ermənilərə heç bir “status” verməyəcək. Ermənilərin Azərbaycan ərazisində ala biləcəkləri yeganə yekun status yalnız vətndaşlıq ola bilər. Və bundan artığına ümid bəsləyənlər sadəlövhdürlər.

Təbii ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan, hər iki tərəfin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra bu məsələ dərhal həll ediləcək. Yəni, rəsmi Bakı Xankəndi və ətraf bölgədə yaşamaq niyyətində olan ermənilərə Azərbaycan vətəndaşlığını bərpa etmək şansı tanıyacaq. Və bununla da məsələ birdəfəlik bitmiş olacaq.

Eyni zamanda, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problem də Azərbaycanın daxili məsələsidir. Bunun Ermənistana və yaxud hansısa üçüncü tərəfə heç bir aidiyyatı yoxdur. Rəsmi İrəvan üçtərəfli anlaşmaların tələblərinə uyğun olaraq, bölgədən Ermənistan ordusunun tör-töküntülərini çıxartdıqdan sonra Azərbaycan orada yaşayan ermənilərin təhlükəsizliyini tam şəkildə təmin edəcək. Və Rusiya sülhməramlılarına da heç bir ehtiyac qalmayacaq.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Əslində, baş nazir N.Paşinyanın bu barədə açıqlaması həm də rəsmi İrəvanın dolayısı ilə Azərbaycanın bütün tələbləri ilə razılaşması, Ermənistanın “Dağlıq Qarabağ” üçün təhlükəsizlik təminatçısı rolundan imtina etməsi anlamı da daşıyır. Yəni, belə anlaşılır ki, rəsmi Bakı sülh sazişi ilə təhlükəsizlik təminatı verdiyi andan Ermənistan bölgədə yaşayan ermənilər üçün Azərbaycan vətəndaşı statusuyla barışmış olacaq. Və Ermənistanın bundan sonra başqa çıxış yolu da əslində, qalmayıb.

Maraqlıdır ki, rəsmi İrəvanın son vaxtlar israrla sülh müqaviləsinin hazırlanmasına cəlb etməyə çalışdığı Minsk Qrupu həmsədrləri də Brüsseldə heç kimin yadına düşmədi. Artıq bu qurumun yenidən Cənubi Qafqazda cərəyan edən proseslərdə iştirakının mümkün olmadığı birdəfəlik dəqiqləşdi. Və bu, rəsmi İrəvanın sülh sazişinin imzalanması prosesini qəlizləşdirib, uzatmaq üçün faydalana biləcəyinə ümid bəslədiyi daha bir faktorun geopolitik məkandan çıxarılması anlamına gəlir.

Beləliklə, Brüssel görüşünü Azərbaycan Prezidenti İlham Əliyevin tam diplomatik qələbəsi ilə yekunlaşan proses hesab etmək də mümkündür. Ermənistan baş naziri Nikol Paşinyan “artsaxı” Brüsseldə buraxıb, gəldi. Eyni zamanda, Minsk Qrupu da yoxa çıxdı. İndi erməni baş nazirin əlində yalnız rəsmi Bakının beş şərti qaldı.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

07.04.2022 19:17
3445