Britaniyada iğtişaşlarda 420-dən çox adam saxlanılıb

Britaniyada ölkəyə miqrasiya əleyhinə iğtişaşlarda iştirak etdiyinə görə 420-dən çox adam saxlanılıb.

Musavat.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, ötən həftə İngiltərənin şimal-qərbindəki Sautport şəhərində bıçaqlı hücumda üç qızın öldürülməsindən sonra qəsəbə və şəhərlərdə iğtişaşlar başlayıb. Hazırda 420 nəfər həbs edilib.

Həmçinin, “The Times” qəzeti mənbələrə istinadən yazır ki, bir sıra siyasətçilər baş nazir Keir Starmeri parlamentin tətilini dayandırmağa və İcmalar Palatasının təcili iclasını çağırmağa çağırırlar. Lakin hələlik o, bu çağırışlara müqavimət göstərir.

İyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı yeniyetmə bıçaqla rəqs studiyasına hücum edib. Hücum nəticəsində 6-9 yaş arasında olan üç uşaq ölüb. Faciə şəhərdə iğtişaşlara səbəb olub. Qəzəblənən sakinlər hadisəni törədənin müsəlman olması ilə bağlı yayılan xəbərlər fonunda yerli məscidin yaxınlığında etiraz aksiyası keçiriblər, lakin polis bunu təkzib edib.

Musavat.com

05.08.2024 14:45
388