Rusiya Ukraynaya qarşı klassik imperialist müharibə aparır. Əgər ruslar ələ keçirilən ərazilərdə qalsalar, müharibə uzun illər davam edəcək.
Bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Zaporoje, Xerson, Donetsk, Luqansk vilayətləri və Krım yarımadası de-yure və de-fakto Ukrayna ərazisidir. Əgər ruslar bu ərazilərdə qalsalar, o zaman müharibə uzun illər davam edəcək”, - ölkə rəsmisi vurğulayıb.
Podolyak əlavə edib ki, müharibəni bitirməyin yalnız bir yolu var – işğal edilmiş Ukrayna ərazilərindən çıxmaq:
“Kremli anlamağa məcbur etmək lazımdır ki, Ukraynaya qarşı mübarizə ona baha başa gələcək və Rusiyanın qələbəsi ilə nəticələnməyəcək. Bunun üçün hərbi, iqtisadi və diplomatik məcburiyyət lazımdır”.
Putin məğlub ola bilər və məğlub olmalıdır, bunun üçün Britaniya öz qoşunlarını Kiyevə yardıma göndərməlidir.
Bunu Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles “The Telegraph”dakı yazısında deyib. O, qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə son səfəri zamanı Qərbin Rusiyaya qarşı güc nümayiş etdirməsinə nail olmağa çalışıb.
Onun fikrincə, Ukrayna lideri Ağ Evə konkret planla gəlsə də, oradan “çətin ki, isti sözlərdən başqa nə iləsə ayrılsın”.
Uolles əmindir ki, Qərbin Ukraynaya mərhələli yardım siyasəti nəticə vermir. Onun fikrincə, Putinin səhv olduğunu sübut etmək üçün bir yol var və bu yol “liderlik, qeyri-populyar qərarlar və risk” tələb edir: "Ukrayna qalib gələ bilər, Putin uğursuzluğa düçar ola bilər və olmalıdır. Qətldən, işğaldan və təhdidlərdən istifadə edən bu rəzil kiçik diktator bizim gələcəyimiz naminə qalib gələ bilməz. Biz Ukrayna ordusuna təlim keçmək və onu saxlamağa kömək etmək üçün qoşun göndərməliyik. Döyüşmək üçün deyil, arxa eşelonlarda hamımızın göndərdiyi texnikanın istiafdəsinə kömək etməliyik”. O, həmçinin bu fikirdədir ki, Britaniya Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığın əldə olunmasına kömək etməlidir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ukraynada yaşayan hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.