Böyük Britaniyanın baş naziri Keir Starmer Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi inauqurasiyasından bir həftə sonra müdafiə xərclərini ÜDM-in 2,5 faizinə qədər artıracağını elan etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın hökumət, hakim Leyboristlər Partiyası və müdafiə sektorundakı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Mənbələrin fikrincə, bu addım yeni Amerika lideri ilə münasibətləri yaxşılaşdırmaq cəhdi olaraq atılacaq.
Noyabrın 5-də keçirilən prezident seçkilərində ABŞ-ın Respublikaçılar Partiyasının namizədinin qələbəsindən sonra Britaniya mediası indiki Leyboristlər hökumətinin üzvlərinin müxalifətdə olarkən Tramp haqqında söylədiyi bir çox tənqidi və hətta təhqiramiz bəyanatları xatırladıb. Onların arasında Böyük Britaniya baş nazirinin müavini Angela Rayner, xarici işlər naziri Devid Lammi, biznes və ticarət naziri Conatan Reynolds da var idi.
Qəzetin həmsöhbətləri bildiriblər ki, müdafiə xərclərinin indiki 2,2 faizdən 2,5 faizə qədər artırılması ilə bağlı açıqlama 2025-ci ilin yazında veriləcək. Bu, Böyük Britaniyanı müdafiə xərclərinə görə 32 NATO ölkəsi arasında səkkizinci yerdən dördüncü yerə çıxaracaq.
Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili bəyan etmişdi ki, o, hərbi xərclərin ÜDM-in 2,5 faizinə qədər artırılmasının tərəfdarıdır. Eyni zamanda o, Londonun bu məqsədə hansı ildə çatmağı planlaşdırdığını dəqiqləşdirməyib.
Musavat.com