BRİKS-in vahid ödəniş sistemi yaratmaq planı Qərb bankirlərini narahat edir

BRİKS ölkələrinin ABŞ dolları ilə ödənişləri azaltmaq istəyi qlobal iqtisadi sistemin parçalanmasına yol vermək istəməyən Qərb mərkəzi banklarının rəhbərlərinin narahatlığına səbəb olur. Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

Qərb mərkəzi banklarından birinin yüksək vəzifəli rəsmisi nəşrə bildirib: “Biz artıq görə bilərik ki, Rusiya və Çin dollardan tamamilə yayınmaq üçün öz aralarında daha çox əməliyyatlar aparmağın yollarını axtarırlar. Biz transsərhəd ödənişlərin təkmilləşdirilməsi işini sürətləndirməliyik”.

Xarici Əlaqələr üzrə Avropa Şurasının əməkdaşı Agathe Desmarais-in fikrincə, BRİKS-ə üzv ölkələr tərəfindən hazırlanmaqda olan BRICS Bridge ümumi ödəniş sistemi assosiasiya üzvlərinə Qərbdən iqtisadi asılılığını azaltmağa imkan verə bilər: “Şübhə yoxdur ki, BRİKS Bridge kimi mexanizmlər Çin, Rusiya və digərləri üçün həssas əməliyyatları Qərb rəsmilərindən gizlətmək üçün faydalı ola bilər - məsələn, Çinin Rusiyaya ikili təyinatlı mallar tədarükü kontekstində ".

Eyni zamanda Desmarais bildirib ki, "BRICS maliyyə alətlərinin qlobal səviyyədə genişmiqyaslı inkişafı və istifadəsini hazırda təsəvvür etmək çətindir".

Musavat.com

24.10.2024 21:48
654