“Azərbaycan çoxtərəflilik prinsipi ilə qurulmuş əməkdaşlıq formatlarını dəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsi və bu gün də töhfələr verməkdə davam etməyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəyərləndirilir. İştirak etdiyimiz beynəlxalq platformalarda fəaliyyətimiz çox səmərəli və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün faydalı olur. Bu baxımdan dövlət başçımızın rəhbərliyi altında nümayəndə heyətimizin Rusiyanın Kazan şəhərində keçirilmiş BRİCS-in XVI samitində iştirakı çox əhəmiyyətli hadisədir”.
Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Azər Badamov bildirib.
A.Badamov təşkilatın son sammitini belə dəyərləndirib: “Sammitdə çıxış edən dövlət başçımız İlham Əliyev Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin inkişafının vacib hissəsi olan Azərbaycanın reallaşdırdığı logistik imkanlarımız haqqında məlumat verdi.
Azərbaycan BRİCS-ə üzv olan Rusiya və İranla qonşudur. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi Rusiya ilə İranı quru yol vasitəsilə birləşdirməklə Mumbaydan çıxan yüklərin qısa zaman kəsiyində Şimali Avropa ölkələrinə qədər çatdırılmasında yeni imkanlar açır. O cümlədən, Qərb- Şərq nəqliyyat dəhlizi isə Çindən Avropaya qədər uzanır və bu istiqamətdə perspektivli və çox rentabelli layihə olaraq dəyərləndirilir. Belə ki, Çin və Hindistanın Avropa ilə ticarət dövriyyəsinin bir trilyon dollardan çox olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizlərimizdən səmərəli istifadənin ölkəmizə gətirə biləcəyi gəlirlər haqqında təsəvvür yaratmaq çətin deyil. BRİCS sammiti həm də dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərinin keçirilməsi üçün əhəmiyyətli platformadır. Bu baxımdan dövlət başçımız Kazanda bir çox dövlət başçıları ilə görüşlər keçirdi və ölkələrarası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu. O cümlədən, cənab Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutmuş ikitərəfli görüş beynəlxalq ictimaiyyətin ən çox diqqətində olan məsələlərdən biri oldu. Bu görüş bir daha sübut etdi ki, vasitəçisiz keçirilən ikitərəfli görüşlər daha effektiv və nəticəyönümlüdür. Dövlət başçılarının müzakirə etdiyi sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı məsələlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin sürətlənməsində həlledici rol oynayacaqdır. Beləliklə, BRİCS sammiti Azərbaycana beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində yeni impuls verəcəkdir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın qlobal səyləri davamlıdır: “Bu baxımdan 11 noyabrda öz işinə başlayacaq COP29 beynəlxalq konfransının qitələr arasında körpülər yaradacağına inamımız böyükdür. Dövlət başçımız BRİCS sammitində bu məsələyə də xüsusilə toxunaraq, COP29-un Azərbaycanda keçirilməsində dünya birliyinin yekdil dəstəyi olduğunu qeyd edib. Azərbaycan dünyada etibarlı və məsuliyyətli tərəfdaş imici qazanıb. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi digər tədbirlər kimi COP29 da çox yüksək səviyyədə təşkil olunacaq və qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə həmrəyliyin yaradılmasında həlledici rol oynayacaqdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com