"BRİCS vahid valyuta yaradıb, aktiv istifadəyə başlarsa, üzv ölkələr üçün dolları əvəz edə bilərmi? Ümumiyyətlə, BRİCS valyutası özünü doğrulda bilərmi?"
Musavat.com-un xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı şərh verib.
"Birinci sualın cavabı yaxın 10-20 il üçün bir mənalı “yox”dur. Niyə? BRİCS-in əsas 5 ölkəsinin durumuna ayrı-ayrılıqda baxsaq, Brazilya il ərazində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240 milyard dollarlıq məhsul alır və bunun yalnız 48 milyard dollarını BRİCS olkələrində alır. Yəni yerdə qalan 80% idxalı gercəkləşdirmək üçün Brazilyaya hər il 192 milyard dollar lazımdır. Rusiya isə il ərzində 280 milyard dollarlıq idxal edir və bunun yalnız 15%-i BRİCS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238 milyard dollar lazım olur",-deyə iqisadçı qeyd edib.
O əlavə edib ki, ildə 700 milyard dollarlıq idxal edən Hindistan cəmi 10%-ni BRİCS ölkələri ilə edir: "Yerdə qalan 630 milyardını dollar hesabına kənardan alır. Təkcə ABŞ-dan etdiyi idxalın həcmi bütün BRİCS ölkələrindən etdiyi idxaldan az qala iki dəfə çoxdur. Cənubu Afrika da asılılıq məsələsində Hindistanla bənzər pay nisbətinə sahibdir. Çin isə idxaldan BRİCS-dən kənarölkələrdən daha çox asılıdır. İl ərzində 2 trilyon dollarlıq idxal edən Çin bunun cəmi 5%-ni BRİCS-dən edir. Yerdə qalan 95%-lik pay isə 1,9 trilyon dollar deməkdir. O ki, qaldı ikinci suala - Ümumiyyətlə, BRİCS valyutası özünü doğrulda bilərmi? Bəli. Uzunmüddətli dövr üçün BRİCS valyutası özünü doğrulda bilər, amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur. İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə, perspektivlər də dəyişə bilər".
Afaq Mirayiq,
Musavat.com