BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...

Politoloq: “Azərbaycanın bu təşkilata qoşulmaqda ən başlıca məqsədlərindən biri də...”

Azərbaycanın rəsmi olaraq BRİCS-ə üzvlük üçün müraciət ünvanlamasından iki aya yaxın vaxt keçir. Bu ilin avqust ayında Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Təşkilat onu təsis edən ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.

Hazırda BRİCS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.

Təşkilat dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali Amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücü ilə rəqabət aparmaq  üçün yaradılıb.

BRİCS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır. Moskva Bakını BRİCS-ə qəbul olmaqda dəstəklədiyini açıqlayıb.

Bəs BRİCS-ə üzvlük proseduru necə həyata keçirilir?

Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Azərbaycan bu mərhələni artıq keçib. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövlət adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət, 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur.

Rəhbər ölkə BRİCS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir.

Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”ə dəyişir.

Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRİCS liderlərinə tövsiyə edir. BRİCS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır.

Yeni üzvdən BRİCS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək tələb olunur. Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır.

Təşkilata üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir.

Xatırladaq ki, iyulun 3-4-də Azərbaycan Prezidenti İlham Əliyev də BRİCS-in Astana sammitində iştirak edib. Burada Prezident də ölkəmizin BRİCS-ə qəbul olunmasının vacibliyini bəyan eləyib. Bundan bir ay sonra Azərbaycan XİN BRİCS-ə üzvlük üçün müraciət edildiyini açıqlayıb. Azərbaycan hələ ki 4 mərhələdən ibarət prosedurun ilk ikisini keçib. Ölkəmizin təşkilata tam hüquqlu üzvlüyə nə zaman qəbul ediləcəyi hələ ki məlum deyil.

Ekspertlər bildirir ki, BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən də Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq.

Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Azərbaycan dünya ölkələrilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur. Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər.

Qabil Hüseynli canlı efirdə bu sözləri deyib ağladı - Video Yeni Sabah

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, dünya ölkələrinin bir-biri ilə həm iqtisadi, həm də siyasi əlaqələrinin olması və möhkəmləndirilməsi üçün müxtəlif təşkilatlar və qruplar mövcuddur: "Bu qruplardan  biri isə Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanı özündə birləşdirən BRİCS-dir. 2009-cu ildə yaradılan bu təşkilat ilk vaxtlar BRİC, 2011-ci ildən sonra Cənubi Afrikanın (South Africa) qrupa daxil olması nəticəsində BRİCS adlandırılmağa başlandı. BRİCS qrupuna daxil olan ölkələr ən tez inkişaf etmiş böyük ölkələr kimi səciyyələnirlər. Buraya daxil olan ölkələr müxtəlif zənginliklərinə görə seçilir. Braziliya  kənd təsərrüfatı resursları, Rusiya dünyada ən böyük mineral resurslar, Hindistan ucuz intellektual resurslar, Çin ucuz əmək resursları, Cənubi Afrika Respublikası isə təbii resursları ilə fərqlənir. Sonralar Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər də bu təşkilata daxil oldu. Zaman keçdikcə 23 ölkə təşkilata rəsmi üzv olmaq üçün müraciət edib.

Artıq Azərbaycan və Türkiyənin BRİCS-ə üzv olmaq istəyi bəyan edilib.

Hazırda 59 ölkə BRİCS-ə üzv olmağa maraq göstərir. Çin Azərbaycanın BRİCS-ə qoşulmaq arzusuna müsbət yanaşaraq bu addımını alqışlayıb. Türkiyə də BRİCS-ə qoşulmaq istəyini bildirib. Rəsmi açıqlamada deyilir ki, Azərbaycanın BRİCS-ə üzv olmaqdakı əsas məqsədi iqtisadi, siyasi, nəqliyyat əlaqələrini daha da genişləndirməkdir. BRİCS ölkələri dünyanın nəhəng dövlətləridir. Onların dünya iqtisadiyyatında rolu danılmazdır. Azərbaycanın bu təşkilata qoşulmaqda ən başlıca məqsədlərindən biri də digər dünya ölkələri ilə ticarət əlaqələrini genişlətməkdir. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Orta dəhlizin Azərbaycandan keçməsi Azərbaycanın BRİCS-ə üzv qəbul edilməsi üçün amillərdən biri rolunu oynaya bilər. Azərbaycan BRİCS-ə üzv olarsa, bu addım onun siyasi və iqtisadi arenada təsir gücünü artıracaq".

Yazını hazırladı: Etibar SEYİDAĞA

01.10.2024 09:15
427