Brejnevlə Andropovun kurort “oyun”ları – günahkarları vəzifəyə, günahsızları həbsxanaya yola salıblar...

O, 22 il (1955-1977-ci illər) Soçi şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Vyaçeslav Voronkov öz dövründə ən bacarıqlı və işgüzar katiblərdən biri sayılıb. Məhz sovet dövründə Soçi şəhərinin beynəlxalq statuslar alması, beynəlxalq dərəcəli kurort şəhərinə çevrilməsi, yeni mikrorayonların və “Rivera” sahil parkının salınması, şəhər sirkinin, “Festivalnı” konsert zalının, “Soçi” stadionunun, mehmanxanaların, kinoteatrların inşası və fəaliyyətə başlaması, şəhərin tam qazlaşdırılması, bir sözlə, bu şəhərin bütün inkişafı məhz Vyaçeslav Voronkovun adı ilə bağlı olub. Voronkova Kremldə də xüsusi münasibət göstərilib, onun birinci katib kimi fəaliyyəti yüksək qiymətləndirib. Ancaq bunlara baxmayaraq, Voronkov sonda Kreml oyunlarının qurbanına çevrilib...

Qeyd edək ki, Stavropol və Krasnodar diyarları sovet dövründə SSRİ-nin ən populyar bölgələrindən sayılıb. Belə ki, ölkənin ən məşhur kurort şəhərləri bu diyarlarda olduğundan bölgə sıravi vətəndaşlarla yanaşı, sovet liderləri, Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri, nazirlər, komitə sədrləri üçün də istirahət və müalicə yerinə çevrilib.

img-aso-2623.jpg (154 KB)

Stalindən başlamış Qorbaçova qədər siyasi birincilərin bu məkanlarda xüsusi istirahət evləri olub. 1970-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Komitənin yüksək ranqlı məmurlarının bir çoxu Stavropolu və Krasnodarı qeyri-rəsmi öz nəzarətində saxlamağa cəhd edib. Amma bölgə iki nəhəngin arasında “bölüşdürülüb”. Krasnodara baş katib Leonid Brejnev, Stavropola DTK sədri Yuri Andropov “əl” qoyub. Bu diyarlara vəzifə təyinatları da məhz bu şəxslərin təşəbbüsü ilə həyata keçirilib. Amma bu “bölgü”yə baxmayaraq, Brejnevlə Andropov arasında üzdə görünməyən bir qarşıdurma da hökm sürüb.

Andropov DTK sədri təyin olunduqdan sonra SSRİ-də baş alıb gedən korrupsiyaya qarşı mübarizəyə başlayanda Krasnodar və Stavropoldakı vəziyyəti də diqqətindən kənarda qoymayıb. İlin bütün fəsillərində bu diyarlarda olan kurort şəhərlərinə turistlərin, müalicə və istirahətə gələnlərin axını Soçidə, Gelencikdə, Yesentukidə, Koslovodskda, digər kurortlarda, o cümlədən elə Stavropol və Krasnodar şəhərlərində qeyri-qanuni gəlir əldə etmək üçün şərait yaradıb.

istoriya-rossii-171060-leonid-brezhnev-1965.jpg (99 KB)

İctimai iaşə obyektlərində, turist mərkəzlərində, əyləncə məkanlarında, sanatoriya və pansionatlarda sözün əsl mənasında şıdırğı alver gedib. Kurort şəhərlərində istənilən defisit malları (əsasən ərzaq və içkiləri) tapmaq mümkün olub. Bu şərait Andropova Krasnodar diyar Partiya Komitəsinin birinci katibi, Brejnevin ən yaxın adamlarından biri sayılan Sergey Medunovu vəzifədən götürmək şansı verib. Amma Brejnevin müdaxiləsi DTK sədrinin planını alt-üst edib. Andropov Krasnodarı öz nəzarətinə sala bilməyib.

Stavropolda isə vəziyyət Andropovun ürəyincə olub. Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçov DTK sədrinin ən etibarlı kadrlarından biri kimi tanınıb.

ria-468963-preview.jpg (143 KB)

Kremldə yaranmış “kadr” gərginliyinə baxmayaraq, Andropov “kurort” oyunlarını davam etdirib. Medunova qarşı açıq mübarizəyə başlayan DTK sədri bu dəfə fərqli bir üsula əl atıb. Balıq Təsərrüfatı Nazirliyində rüşvətxorluq faktlarına görə başlanan “Balıq işi”ndə Andropov qarmağını Soçiyə atıb. Belə ki, “Balıq işi”nin bir ucu Soçi şəhərindəki “Okean” mağazasına çatanda və mağazanın müdiri Arsen Pruidze həbs olunanda o, əldə etdiyi qeyri-qanuni gəlirlərin bir hissəsini Soçi şəhər Partiya Komitəsinin birinci katibi Vyaçeslav Voronkova verdiyini bildirib. Bu ifadədən sonra heç bir dərin istintaq araşdırması aparılmadan Vyaçeslav Voronkov həbs edilərək “Lefertovo” həbsxanasına salınıb. Birinci katibə “təklif” edilib ki, o, birbaşa tabeliyində olduğu Krasnodar vilayət Partiya Komitəsinin birinci katibi Medunovun əleyhinə ifadə versə, sərbəst buraxılacaq. Voronkov düşünmədən bu “təklif”i rədd edib.

Voronkovun mənzilində və bağ evində axtarış aparılarkən 10 min rubl pul və çox az bir miqdarda zinət əşyaları tapılıb. İstintaq zamanı birinci katib bunları öz halal zəhməti ilə qazandığını sübut etməyi bacarıb. Belə ki, uzun illər müxtəlif vəzifələrdə çalışan Voronkov partiya biletində qeyd olunan əmək haqlarını hesablayaraq bu illər ərzində qazandığı pulların ümumi məbləğini ortaya qoya bilib. Bütün bunlara baxmayaraq o, 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

TASS_1257252-pic905-895x505-46144.jpg (121 KB)

Kremlin kadr çəkişmələrinin əsas hədəfləri Stavropol və Krasnodar diyarlarının rəhbərləri olsa da, bu qalmaqallı hadisələrdən sonra Stavropol diyar Partiya Komitəsinin birinci katibi Qorbaçov Mərkəzi Komitənin katibi seçilib, Krasnodar diyar Partiya Komitsinin birinci katibi Medunov isə SSRİ meyvə-tərəvəz təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alıb.

Onu da qeyd edək ki, Voronkov nə istintaq dövründə, nə məhkəmə prosesində, nə də cəza çəkdiyi illərdə Soçidə və bölgədəki digər kurort şəhərlərində korrupsiya maxinasiyalarınıın əsas “müəllif”lərinin, siyasi birincilərin əleyhinə bir cümlə olsun belə ifadə verməyib.

Voronkov cəzasını çəkdikdən sonra yenidən Soçiyə qayıdıb. Ömrünün son illərini qurub-yaratdığı bu şəhərdə keçirib. Sabiq birinci katib 2009-cu ildə, 84 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

12.08.2023 13:37
2406