1981-ci ildə Moskvanın Kirov prospektində baş verən cinayət hadisəsi müharibədən sonrakı illərdə SSRİ-də ilk sifarişli qətl hadisəsi sayılıb. Tanınmış konstruktor, fizika-riyaziyyat elmləri doktoru, Kuybışev Avtomat Sistemlər Bürosunun baş direktoru, professor İqor Berejnoy öz xidməti avtomobilində olarkən ona verilən dərman qutusunun içindəki partlayıcı maddənin işə düşməsi nəticəsində həlak olub.
Fevral ayının 3-də baş verən bu hadisə Kremldə də ciddi narahatlıq yaradıb. DTK sədri Yuri Andropov baş katibə hadisə ilə bağlı məruzə edəndə Leonid Brejnev cinayət işinin açılması ilə bağlı həyata keçiriləcək tədbirlərə şəxsən onun özünün rəhbərlik etməsini göstəriş verib.
İqor Berejnoy kim olub? Onun qətli hansı səbəbdən Kremldə müzakirə mövzusuna çevrilib?
Qeyd edək ki, Berejnoy SSRİ-də aviasiya sahəsi üzrə ən tanınmış konstruktorlardan biri sayılıb. 1934-cü ildə Balaşov şəhərində anadan olan konstruktor orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Kuybışevdə (indiki Samara) Aviasiya İnstitutunda təhsil alıb. İlk əmək fəaliyyətinə Voronejdəki aviasiya zavodunda başlayan Berejnoy 1966-cı ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
İqor Berejnoy 1972-ci ildə SSRİ Mülki Aviasiya Sənayesi Nazirliyinin tabeliyində olan avtomat sistemlər bürosuna baş direktor təyin edilib. Büro ölkədə ən güclü təchizatı və təminatı olan qurumlardan biri sayılıb. Bununla yanaşı, o, mütəmadi olaraq məxfi saxlanılan müdafiə sənayesi müəssisələrinin işinə də cəlb edilib.
Mülki və hərbi aviasiya sahəsində 200-dən artıq ixtiranın müəllifi olan Berejnoy Kuybışevdə partiya komitəsinin büro üzvü kimi fəal ictimaiyyətçi olaraq da tanınıb. Onun çox qısa bir vaxtda Kuybışev şəhər partiya komitəsinə birinci katib təyin edilməsi də gözlənilib. Bu təyinatla bağlı 1980-ci ilin dekabrında Mərkəzi Komitədə müzakirə aparılıb və razılığa gəlinib.
İqor Berejnoy 1981-ci ilin fevralın 1-də xidməti işi ilə bağlı Moskvaya ezamiyyətə yollanıb. O, adətən bütün ezamiyyətlərə öz xidməti avtomobili ilə gedib. Ezamiyyətinin üçüncü günü ondan xahiş ediblər ki, təxminən ayaqqabı qutusu həcmində olan bağlamanı özü ilə Kuybışevə aparsın və bildiriblər ki, qutuya dərmanlar yığılıb, Kuybışevdə onu qarşılayıb qutunu götürəcəklər. Berejnoy bu xahişi tərəddüdsüz qəbul edib.
İqor Berejnoy fevralın 3-də axşam saat 19.30-da tanımadığı şəxsdən qutunu götürüb.
Maşına əyləşən kimi o, hər ehtimala qarşı qutunu açıb, içində nə olduğuna baxmaq istəyib. Qutu açılan kimi dəhşətli partlayış Berejnoyun bədənini hissələrə bölüb. Sürücü isə ağır yaralanıb.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. İstintaqı DTK-nın istintaq idarəsinin əməkdaşları aparıb. İstintaqa birbaşa Yuri Andropov nəzarət edib.
İstintaq zamanı İqor Berejnoyun fəaliyyəti araşdırılıb. Məlum olub ki, onun rəhbərlik etdiyi büroda kifayət qədər böyük yeyintilər olub. Belə ki, büronun büdcəsi hesabına alınan və həmin dövrdə defisit sayılan rəngli televizorlar, xarici fotoaparatlar, büroda xammal kimi istifadə olunan qiymətli metallar təyinatı üzrə istifadə edilmədən kənar şəxslərə satılıb.
Həmçinin, o da məlum olub ki, büronun büdcəsindən 120 min rubl nağdlaşdırılaraq şəxsi məqsədlər üçün istifadə edilib. Bu faktlara görə Berejnoyun 3 müavini və təchizat şöbəsinin müdiri həbs edilib. Onlardan biri həbs zamanı intihar edib. Digərləri isə 6-12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Amma bu faktların heç birini Berejnoyun öldürülməsi ilə əlaqələndirmək mümkün olmayıb.
İstintaq zamanı daha bir fakt aşkar olunub. Büronun balansında olan 4 təyyarədən qeyri-qanuni olaraq kommersiya məqsədilə yükdaşımalarda istifadə edilib. Bu məsələdə Kuybışev şəhər partiya komitəsinin birinci katibinin və şəhər prokurorunun da əli olub. Bu faktla da Berejnoyun öldürülməsinə yol tapmaq mümkün olmayıb.
Üçüncü bir versiya da səsləndirilib. Bu, Berejnoyun Leonid Brejnevin sevimli stüardessası ilə yaxın əlaqələri barədə məlumatdan ibarət olub. Lakin bu da cinayət işinin açılmasında heç bir rol oynamayıb, yaxud da bu məsələnin üstündə dayanmağa heç kim cürət etməyib. Hərçənd Brejnevin sevimli xanımlarını necə qısqandığı da hamıya yaxşı bəlli olub.
Maraqlı faktlardan biri DTK kimi ciddi bir qurumun dərman qutusunu Berejnoya verən şəxsi axtarmaqda “acizlik” göstərməsidir. Hər halda 1981-ci ildə rabitə vasitələrinə nəzarət imkan verib ki, Berejnoya xahiş məqsədilə zəng edən şəxsin haradan zəng vurmasını müəyyən etmək mümkün olsun. Yəqin ki, bu zəng müəyyənləşdikdən sonra həmin şəxsin tapılması da mümkün olardı.
3 illik istintaq nəticəsində nə qatil məlum olub, nə qətlin sifarişçisi. İstintaq materiallarının sonunda isə ümumi olaraq belə bir ifadə göstərilib ki, cinayət büronun fəaliyyətindəki yeyinti hallarının ört-basdır edilməsi məqsədilə törədilib.
Qeyd edək ki, bu müəmmalı cinayət işi, sifarişli qətl haqqında “Baş konstruktor üçün bomba” adlı film də çəkilib.
İlham Cəmiloğlu,
Musavat.com