Vəzifə karyerasına Belarusiyanın komsomol orqanlarında başlayan Kiril Mazurov SSRİ-nin siyasi elitasında ən açıq fikirli şəxslərdən biri sayılıb. O, istər mötəbər partiya tədbirlərində, istərsə də qeyri-rəsmi görüşlərdə tənqidi fikirlərini söyləməkdən çəkinməyib və sağlam rəqabətin tərəfdarı olub. Elə düşündüklərini söyləməkdən çəkinməməyi də Mazurovun siyasi fəaliyyətində ona böyük problemlər yaradıb.
1914-cü ildə Qomeldə anadan olan Mazurov Qomel Avtomobil Nəqliyyatı Texnikumunda və Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb. Bir müddət Belarusiyanın ayrı-ayrı şəhərlərində komsomol orqanlarında çalışdıqdan sonra o, Minsk vilayət Partiya Komitəsinin birinci katibi seçilib.
İosif Stalinin vəfatından sonra ölkədə aparılan kadr islahatları zamanı Mazurov 1953-cü ilin iyul ayında Belarusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. Bu vəzifədə işlədiyi üç il müddətində o, respublikanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə edib.
1956-cı ilin iyul ayında Mazurov Kremlə dəvət olunub. Nikita Xruşşovla görüşdən sonra Minskdə növbədənkənar plenum keçirilib və Mazurov Belarusiyanın birinci katibi vəzifəsinə təsdiq olunub.
Mazurov Belarusiyaya rəhbərli etdiyi dövrdə sadə bir məmur kimi tanınıb, xalq arasında böyük nüfuz qazanıb. O, əksər vaxtlarda xidməti avtomobilini özü idarə edib, mühafizəçisiz, köməkçisiz, sürücüsüz sükan arxasına keçib, ucqar rayonlara, kəndlərə üz tutub, yerli əhali ilə görüşlər keçirib, onlarla sıravi vətəndaş dilində danışıb, problemlərini öyrənib və fəaliyyətinin əsas hissəsini də mövcud problemlərin həllinə yönəldib.
1964-cü ilə qədər Mazurovun siyasi fəaliyyətində heç bir problem yaranmayıb, o, respublika üzrə ən yüksək göstəricilərə nail olub, birinci katib kimi onun adı Mərkəzi Komitənin iclaslarında müsbət hallanıb.
1964-cü ilin yanvar ayında isə Mazurovun sabit siyasi fəaliyyəti başqa bir məcraya yönəlib. Xruşşov Mazurova zəng vuraraq iki həftə Belarusiyada olacağını, həm istirahət edəcəyini, həm də sənədlər üzərində işləyəcəyini bildirib. Mazurov lazım olan bütün tədbirləri görüb, Xruşşovu böyük hörmətlə qarşılayıb. Gəldiyi ilk gün onlar günorta ova çıxıblar. Axşam saatlarında Xruşşov ona ayrılmış qonaq evində özü ilə gətirdiyi sənədlərlə işləməyə başlayıb və gələcək planları haqqında Mazurovla fikir mübadiləsi aparıb. Həmin görüşdə Xruşşov öz yeni ideyası haqqında da Mazurova danışıb. Kənd təsərrüfatı sahəsinə partiya nəzarətinin gücləndirilməsi məqsədilə Xruşşov vilayət partiya komitələrini iki yerə bölməyi planlaşdırıb, yəni, kənd təsərrüfatı üzrə və sənaye üzrə vilayət partiya komitələri. Mazurov Xruşşova bu ideyasının özünü doğrultmayacağını söyləyib və belə əsaslandırıb ki, belə olduğu halda şəhər strukturları məsuliyyətdən azad olaraq kəndlərə heç bir köməklik göstərməyəcək. Xruşşov Mazurovu sona qədər dinləmədən səsinin tonunu qaldırıb:
-Sən heç nə anlamırsan. Çünki sən kütsən, heç nədən anlayışın yoxdur. Sən yalnız hamının dediklərini təkrarlayırsan. “Malçişka”, sən mənə ağıl qoymaq fikrindəsən? Sən kimsən axı?
Mazurov təmkinini pozmadan fikirlərini yenidən izah etməyə çalışıb. Ancaq Xruşşov imkan verməyib:
-Rədd ol buradan!
Mazurov bu təhqirdən sonra da təmkinini pozmayıb:
-Nikita Sergeyeviç, bəlkə münasibətlərimizi aydınlaşdıraq?
-Rədd ol, dedim, otağı tərk elə.
Mazurov otağı tərk edib. 10 dəqiqədən sonra Xruşov həyətə çıxıb. Köməkçisindən maşını və sürücünü tələb edib. Onlar Belarusiyanı tərk ediblər.
Xruşşov Minskdən Kiyevə yollanıb. Kiyevə çatan kimi Mərkəzi Komitənin katibi Frol Kozlova zəng vurub, Belarusiyaya birinci katib üçün namizədlərin seçilməsini göstəriş verib.
Təbii ki, Mazurov onu nələr gözlədiyini yaxşı anlayıb. Amma o, Xruşovu nələr gözlədiyini bilməyib. Xruşov Mazurovu vəzifədən uzaqlaşdırmaq istəyəndə, 1964-cü il oktyabr plenumunda onun özünü vəzifədən uzaqlaşdırıblar.
Xruşşovun komandası Kremldən təmizləndikdən sonra Mazurov 1965-ci ildə Moskvaya dəvət olunub və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Onun bu vəzifədəki fəaliyyəti istər ölkədə, istərsə də xaricdə diqqətçəkən olub. Hətta bəzi qərb ölkələrinin liderləri Mazurovu gələcəkdə SSRİ-nin rəhbəri kimi görüb. Sözsüz ki, bu da Brejnevi narahat edib. O cümlədən SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və DTK sədri Yuri Andropov da Mazurovu Brejnevə real rəqib sayıblar.
Mazurovun başçılığı ilə SSRİ nümayəndə heyətinin Vyetnama səfərini televiziya ilə göstərəndə isə Brejnev ilk dəfə “qısqanclığını” Mixail Suslova bildirib:
-Mixail Andreyeviç, partiyanın baş ideoloqu kimi sizə elə gəlmirmi ki, biz Mazurovu həddindən artıq şişirdirik?
Suslov dərhal Mazurovla bağlı kursu hansı istiqamətə yönləndirməyi anlayıb.
1978-ci ilin oktyabr ayında Kremldə bir neçə nəfər arasında Brejnevin üçüncü dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunması məsələsi müzakirə olunanda Mazurov buna etirazını bildirib:
-Biz Brejnevi üçüncü dəfə qəhrəman etməklə onu dünya ictimaiyyətinə ayı enerjili siyasətçi kimi təqdim etmiş oluruq. Mən bunu məqsədəuyğyn saymıram.
Bu ifadə Suslov üçün kifayət edib ki, Mazurovun siyasi karyerasına birdəfəlik son qoysun və Suslov bunu tək etməyib. O, Mazurovu Brejnevin kabinetinə dəvət edib. Suslovun kiçik girişindən sonra Brejnev Mazurovla açıq danışıb:
-Kiril Trofimoviç, biz uzun illər birlikdə çalışmışıq, sizin partiyamız üçün böyük xidmətləriniz də olub. Amma belə düşünürəm ki, artıq sizin siyasi səhnədən getmək vaxtınız yetişib. Siyasi Büro belə qərara gəlib ki, siz könüllü olaraq öz ərizənizlə getsəniz daha yaxşı olar və açığını deyim ki, mən sizinlə işləmək istəmirəm.
Mazurov baş katiblə mübahisə etməyi, onun təklifinə fikir bildirməyi mənasız sayıb, bir cümlə ilə deməklə kifayətlənib:
-Leonid İliç, açığını deyim ki, heç mən də sizinlə işləmək istəmirəm.
Bununla da Mazurovun siyasi karyerasına son qoyulub. Təqaüdə çıxdıqdan sonra memuarlarını yazmaqla məşğul olan Mazurov Mərkəzi Komitənin tədbirlərinə qatılmasa da, o, Brejnevin, Andropovun, Çernenkonun dəfn mərasimlərində ön cərgədə dayanıb. Sabiq katib 1989-cu ildə vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com