Brejnevə “problem” yaradan katib – birinciliyə iddialı olan Kozlovun siyasi karyerasına 56 yaşında son qoyulub

1959-cu ilin iyul ayında Amerikanın populyar “Time” jurnalının üz qabığında Frol Kozlovun fotosunun tirajlanması və fotonun altından “O, SSRİ-nin növbəti rəhbəri olacaqmı?” sualının yazılması həm Kremldə, həm də beynəlxalq müstəvidə böyük əks-səda yaradıb. Suala rəsmi reaksiya verilməsə də, cavabı çoxlarına aydın olub. Kozlov həmin ərəfədə Kremlin əsas simalarından biri sayılıb, Nikita Xruşov xarici səfərlərdə olanda isə ölkəyə rəhbərlik məhz ona həvalə edilib...

taym.jpg (65 KB)

Son dərəcə kobud və sərtliyi ilə fərqlənən Kozlov Mərkəzi Komitədə xüsusi səlahiyyətlərə malik olub. Xruşov qeyri-rəsmi olaraq onu SSRİ-nin ikinci şəxsi elan edib. Kozlov Mərkəzi Komitənin katibi vəzifəsini daşıyıb. Buna baxmayaraq, o, digər katiblərin işinə müdaxilə edib, onların üzərində nəzarət funksiyasını həyata keçirib.

Özünü ölkədə ikinci, bəzi hallarda isə birinci şəxs sayan Kozlovu siyasi elita rahatlıqla qəbul edə bilməyib. Onun gələcəkdə baş katib kürsüsünə sahib olacağını anlayan Siyasi Büro üzvləri böyük narahatlıq keçiriblər. Xüsusilə birinci kürsüyə göz dikən Leonid Brejnev Kozlovu “zərərsizləşdirmək” üçün ciddi şəkildə variantlar axtarıb.

Kozlovun hakimiyyət hökmranlığı bütün sahələrdə özünü büruzə verib. O, hətta güc strukturlarının fəaliyyətinə də müdaxilə edib. Kadr məsələlərində Kozlov həlledici söz sahiblərindən biri sayılıb və o, şəhər, vilayət və diyar partiya komitələrinə öz adamlarını yerləşdirib.

Kozlovun hakimiyyət hərisliyi bitib tükənməyib. Xruşov ezamiyyətdə olanda, məzuniyyətə çıxanda isə bu hərislik pik həddə çatıb. Kozlov ziyafətlərdə qədəh qaldıraraq özünü SSRİ-nin rəhbəri kimi təqdim edib. Sözsüz ki, onun bu iddialarını Xruşova da çatdırıblar. Digər bir tərəfdən Kreml qruplaşmaları da Kozlovun iddialarını Xruşovla müzakirə ediblər. Nəhayət, Xruşov özünə yaxın saydığı və güvəndiyi Kozlova xəbərdarlıq etmək məcburiyyətində qalıb:

- Haqqınızda mənə xoşagəlməz məlumatlar çatdırılır. Bəzi tədbirlərdə siz özünüzü az qala partiyanın rəhbəri kimi təqdim edirsiniz. Sizə bu haqqı kim verib? Sizə verdiyim səlahiyyətlər sizə haqq vermir ki, sərhədləri aşasınız. Məni başqa tədbirlərə əl atmağa məcbur etməyin.

kozlov.jpg (108 KB)

Kozlov bu xəbərdarlığı susqunluqla qəbul edib. O, zərbənin ona gələcək hakimiyyətə iddialı olan Brejnevdən və Podqornıdan gəldiyini də yaxşı dərk edib və onların arasında gizli mübarizə başlanıb. Əslində, Kozlov artıq Xruşov üçün də arzuolunmaz şəxsə çevrilib. Belə ki, baş katib onu özünə ciddi rəqib kimi qəbul edib.

1962-ci ilin dekabrında Xruşovun bağ evində qeyri-rəsmi şəraitdə Kozlovun məsələsi müzakirə edilib. Müzakirədə Brejnev, Podqornı və SSRİ-nin müdafiə naziri, marşal Rodion Malinovski iştirak ediblər. Xruşovun təklifi ilə qərara alınıb ki, növbəti plenumda Kozlovun fəaliyyəti müzakirəyə çıxarılsın. Məruzənin hazırlanması Brejnevə həvalə edilib.

Bu gizli sövdələşmə haqqında Siyasi Büro üzvlərinin bir neçə üzvü də məlumatlandırılıb. Ancaq planı icra etmək mümkün olmayıb. Belə ki, Kozlovun səhhətində yaranan ciddi problemlər hər şeyi yarımçıq qoyub. 11 aprel 1963-cü ildə Mərkəzi Komitənin iclasını keçirən Kozlov gərgin iş günündən sonra bağına gedib. Axşamüstü həyətdə gəzintiyə çıxanda o, qəfil huşunu itirərək yıxılıb. Xüsusi həkim briqadası dərhal bağa yollanıb. Müayinələrdən sonra məlum olub ki, Kozlov sağ tərəfin iflici ilə nəticələnən insult keçirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Sonra o da məlum olub ki, Frol Kozlovun əmək fəaliyyətini bərpa etmək mümkün olmayacaq. Bununla da Kozlov “könüllü” olaraq oyundan kənar vəziyyətdə qalıb. Xruşov Kozlovun müalicədə olduğu müddətdə bütün vəzifələrini saxlayıb.

vezifem.jpg (50 KB)

Xruşov hakimiyyətdən devrildikdən sonra birinci kürsüyə sahib olan Brejnev Kozlovun siyasi karyerasına birdəfəlik son qoyub. 1964-cü ildə Mərkəzi Komitənin noyabr plenumunda Kozlov tutduğu bütün vəzifələrdən kənarlaşdırılıb.

Qeyd edək ki, Frol Kozlov 1908-ci ildə Ryazanda anadan olub. Orta təhsil aldıqdan sonra toxuculuq fabrikində fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1923-cü ildə komsomol sıralarına daxil olub. Fəal ictimaiyyətçi olduğundan komsomol xətti ilə təhsil almaq üçün Leninqrad Kommunist Universitetinə göndərilib. Kozlov ikinci təhsilini də Leninqradda Dağ-Mədən İnstitutunda alıb.

1958-ci ilə qədər İjevskdə, Kuybışevdə, Leninqrad şəhərində və vilayətində partiya komitələrinin ikinci və birinci katibi vəzifələrində işləyən Frol Kozlov həmin ilin mart ayında SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunub. Daha sonar isə Mərkəzi Komitənin katibi seçilib. Öz vəzifəsi ilə yanaşı, Kozlov Nikita Xruşovun tapşırığı ilə onun səlahiyyətlərinə daxil olmayan dövlət əhəmiyyətli işlərin icrasına da cəlb olunub.

kozlov son.jpg (131 KB)

SSRİ-nin yüksək ranqlı dövlət məmurları arasında Kozlov tutduğu yüksək vəzifələrə baxmayaraq, ən tez unudulan məmurlardan biri olub. Onun adı mətbuatda çox nadir hallarda çəkilib. Brejnevin hakimiyyəti illərində isə Mərkəzi Komitədə Kozlovun adı ümumiyyətlə dilə gətirilməyib.

Frol Kozlov 1965-ci il yanvarın 30-da, 56 yaşında keçirdiyi infarktdan vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

11.07.2023 13:40
2531