Brejnev ADR-in rəhbərini niyə işdən çıxarıb? – Kreml Ulbrixti Honekkerlə əvəz edib

O, sosialist düşərgəsində ən “sözəbaxan” ölkə başçılarından biri olub. Hətta rəsmi dövlət tədbirlərinə beş-on dəqiqə gecikəndə, məmurlara öz aralarında pıçıldayıblar: “Ulbrixt tədbirdə iştirak etmək üçün Kremldən icazə almağa gedib...”

Qatı stalinçi kimi tanınan Valter Ulbrixt uzun illər, 1950-1971-ci illərdə Şərqi Almaniyaya rəhbərlik edib. Onun bu illərdəki fəaliyyəti birmənalı qiymətləndirilməyib, kimlərsə Ulbrixti satqın, digərləri isə onu əsl qəhrəman kimi xarakterizə ediblər.

Valter Ulbrixt 1893-cü ildə Leypsiqdə anadan olub. O, uşaqlıqdan həyətlərindəki dülgər emalatxanasında atasına kömək edib. Orta təhsilini başa vurduqdan sonra Ulbrixt dülgərlik peşəsini daha mükəmməl öyrənərək usta kimi işləməyə başlayıb və özlərinə məxsus emalatxanada çalışıb.

fce5131e261d139ec2e7159520d0accc.jpg (96 KB)

Ulbrixt gənc yaşlarından siyasətlə də maraqlanıb, o, Marksın, Engelsin əsərlərini oxuyub, 19 yaşında sosial-demokrat partiyasına üzv olub, partiyanın Leypsiq şöbəsinin ən fəal üzvlərindən birinə çevrilib.
Partiya xətti ilə Ulbrixt sürətlə irəliləyib, qısa illər ərzində o, partiyanın mərkəzi komtəsinə üzv seçilib, soaialist yönümlü mətbuatda mütəmadi olaraq çıxışlar edib, Leypsiqdə fəhlə və əsgər ittifaqının deputatı olub, siyasi fəaliyyəti ilə yuxarı dairələrin diqqətini cəlb edib.

1933-cü ildə nasistlər hakimiyyətə gələndə Ulbrixt böyük təzyiqlərlə üzləşib, hər an həbs olunmaq təhlükəsini dərk edən siyasətçi daha Almaniyada qalmağın mümkün olmadığını anlayıb və Moskvaya mühacirət edib. Artıq həmin vaxt o, Almaniyada rəsmi axtarışa verilib.

1938-ci ildən Ulbrixt Kominternin İcraiyyə Komitəsində Almaniya Kommunist Partiyasını təmsil edib və faktiki olaraq bu partiyanın rəhbəri olub.

424260_15_i_036.jpg (113 KB)

Ulbrixt sovet-alman müharibəsi illərində ən ağır cəbhələrdə, Stalinqradda, Kurskda alman hərbi əsirləri arasında təbliğat işi aparıb və “Azad Almaniya” Milli Komitəsini yaradıb.

Həmin illərdə Ulbrixt sovet rəhbərləri, Kremlin ən yüksək ranqlı məmurları ilə sıx əlaqələr yaratmağa da nail olub.

Ulbrixt üçün vətənə dönmək yalnız müharibədən sonra mümkün olub. O, 1945-ci ilin aprel ayında bir qrup alman mühaciri ilə birlikdə Almaniyaya dönüb və fəal siyasətə başlayıb, Vahid Almaniya Sosialist Partiyasının idarə heyətiniə üzv seçilib.

SSRİ-dən açıq şəkildə dəstək alan Ulbrixt 1950-ci ildə Vahid Almaniya Sosialist Partiyasına baş katib vəzifəsinə seçilib. Zaman-zaman o, öz ölkəsində digər yüksək postları, Milli Müdafiə Şurasının, Dövlət Şurasının sədri vəzifələrini də ələ keçirərək mütləq hakimliyini təmin edib.

180411_gagarin01.jpg (159 KB)

Valter Ulbrixt tarixdə həm də Berlin divarlarının tikilməsinin təşəbbüskarı kimi də düşüb. Bu təşəbbüskarlıq almanlar arasında onun nüfuzunun son dərəcə aşağı düşməsinə səbəb olub.

21 il hakimiyyətdə olmasına baxmayaraq, Ulbrixt heç vaxt Almaniyada (ADR) müstəqil siyasət həyata keçirə bilməyib. İstər siyasi, istər iqtisadi, sosial, humanitar və digər sahələrdə onun apardığı bir çox islahatlar iflasa uğrayıb, bu uğursuzluq onu gözdən salıb. Bunun əsas səbəbi isə o olub ki, Ulbrixt Kremldən xəbərsiz bir addım da ata bilməyib. Nikita Xruşovla daha sıx əlaqələr yaradan Ulbrixt sovet liderinin istənilən havasına oynamağa həmişə hazır vəziyyətdə dayanıb.

Yarıtmaz siyasəti nəticəsində bir çox qonşu ölkələr Almaniya ilə əlaqələrini, xüsusilə iqtisadi və qarşılıqlı yardım əlaqələrini məhdudlaşdırıblar. Amma bu Ulbrixti çox da narahat etməyib. O, öz postunda uzun müddət qalacağında Xruşova güvənib, istənilən çətin bir məqamda Kremlin ona arxa duracağına arxayın olub.

 1704112.jpg (133 KB)

Ulbrixtlə Erik Honekker uzun illər eyni cəbhənin silahdaşları olublar. Honekkerin siyasi karyerasında, irəli çəkilməsində Ulbrixtin böyük rolu olub. Ulbrixt bir çox dövlət əhəmiyyətli məsələləri həmin dövrdə Siyasi Büronun üzvü və təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyan Honekkerə həvalə edib.

Honekker isə nə vaxtsa ona hamilik edən Ulbrixtin vəzifədən getməsini gözləyib və prosesdə yaxından iştirak edib.

Zaman Ulbrixtin xeyrinə işləməyib. 1964-cü ildə Xruşov hakimiyyətdən devrildikdən sonra o, Leonid Brejnevlə lazımi səviyyədə anlaşa bilməyib. 1970-ci illərin sonlarında Almaniyada antikommunist və antisosialist cərəyanlar fəallaşanda Brejnev Ulbrixtin vəzifədə qalmasını məqsədəuyğun saymayıb. Bu məsələdə “könhə tanışlar” – Brejnevlə Honekkerin sövdələşməsi əsas rol oynayıb. Sonralar Brejnevlə Honekkerin məşhur öpüşləri də bu sövdələşmənin nə qədər mükəmməl olduğunu bir daha sübut edib.

Bundesarchiv_Bild_183-H0603-0036-001,_Moskau,_Ulbricht_und_Breshnew.jpg (147 KB)

Beləliklə, 1971-ci ildə Brejnevin diktəsi ilə Ulbrixt yaşına və səhhətinə görə adı ilə tutduğu bütün vəzifələrdən kənarlaşdırılıb. Amma Honekker Ulbrixtə qarşı cox da mərhəmətsiz olmayıb, siyasi karyerasında oynadığı böyük rolu unutmayıb. Ulbrixt ömrünün sonuna, 1973-cü ilə qədər qədər Vahid Almaniya Sosialist Partiyasının fəxri sədri olub, ancaq heç bir səlahiyyətə malik olmayıb.
Valter Ulbrixt 1973-cü ildə, 80 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

06.10.2022 14:10
3327