"Bravo" hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com axar.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.
D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.
Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.
D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və "Bravo"ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:
"Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədovu da işə cəlb edildi. Azərin "BMW X5" markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi".
D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:
"Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?"-deyə hakim soruşub.
Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:
"Mənə təzyiq göstərdilər, işgəncə verdilər. Ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm".
Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə təzyiq altında ifadə verdiklərini deyiblər.
Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:
"Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm".
Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:
"İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir".
Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib.
Prosesin sonunda təqsirləndirilən şəxslərin təsyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib.
Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib.
Növbəti proses dekabrın 22-ə təyin edilib.