BP Misirə 6,5 milyard dollar investisiya yatıracaq

Britaniyanın British Petroleum (BP) şirkəti Misirin neft-qaz sektorunun inkişafına ən azı 1,5 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu EGYPES-2024 Beynəlxalq Enerji Sərgisi çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə şirkətin icraçı direktoru Mürrey Oçinklos deyib.

Onun sözlərinə görə, şirkət bu sahəyə gələcəkdə əlavə olaraq 5 milyard dollar da sərmayə yatıracaq.

Öz növbəsində əs-Sisi BP-nin Misir iqtisadiyyatına artan investisiyalarını yüksək qiymətləndirərək qeyd edib ki, “şirkətin fəaliyyəti Misir hakimiyyətinin ölkəni neft istehsalı və ticarəti üçün regional mərkəzə çevirmək istəklərinə uyğundur”.

Bundan əvvəl Misirin neft və mineral sərvətlər naziri Tariq əl-Mulla sərginin açılışında ölkəsinin “daxili təhlükəsizliyi, siyasi sabitliyi və müvafiq infrastrukturu sayəsində cəlbedici investisiya mühitinə” malik olduğuna əminliyini ifadə edib. O, beynəlxalq ictimaiyyəti “Afrika qitəsinə ədalətli şərtlərlə enerji keçidinə kömək etməyə” və Afrika ölkələrinə dəstək, “sərfəli qiymətlərlə” malların tədarükü və güzəştli şərtlərlə yerli layihələrin maliyyələşdirilməsini təmin etməyə çağırıb.

Musavat.com

19.02.2024 17:47
459