Bozqurd işarəsinə dözməyənlərin olimpiada rəzaləti - “Fransa 2" cəzasını almasa...

Xəbər verildiyi kimi, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanla bağlı təxribat baş verib. Fransanın rəsmi “France 2" telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançıları və ölkəmizlə bağlı hədyan söyləyiblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz rəğbətini gizlədə bilməyərək, "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə" deyib. Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib. Daha sonra Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. 

Bəllidir ki, Olimpiya Oyunları həmişə sülhə və müharibəyə son qoymağa çağırıb. Lakin Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirərək bu prinsipləri pozub. Beləcə, Azərbaycan, üstəlik, dünya idman ictimaiyyəti qarşısında həm də “təcavüzkar” kimi qələmə verilib, ərazi bütövlüyümüz şübhə altına alınıb, haqqımızda yenə ağ yalanlar deyilib, neqativ imic yaradılmasına cəhdlər edilib. Maraqlıdır, az öncə Avropa Çempionatında  türkiyəli futbolçu Melih Demireli bozqurd işarəsinə görə iki oyunluq cəzalandıran Avropa (UEFA), bu olaya necə qiymət verəcək? Beynəlxalq Olimpiya Komitəsi (BOK) həmin dövlət kanalını hansısa şəkildə cəzalandıracaqmı, məsələn, yayımdan uzaqlaşdıracaqmı, yoxsa bunu da söz azadlığının adına yazıb başdan edəcəklər? Artıq Azərbaycanın Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi (AMOK) Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayıb. Nəticə nə olacaq?

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat Kamran Bayramov Fransanın son dörd ildə ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası apardığını qeyd etdi: “Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasını aparmaqda davam edir. Rəsmi Paris hər zaman ermənipərəst mövqedə olub. Əvvəllər bunu gizlədirdisə, son dörd ildə Azərbaycanın zəfər qazanmasından sonra bu mövqeyini açıq müstəviyə keçirib. Fransa Ermənistanın tərəfini tutmaqla Azərbaycana qarşı qarayaxma kampaniyasını aparır. Bunu bir daha həyata keçirdi. Belə ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanla bağlı növbəti təxribat baş verib. Bununla Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirərək Azərbaycanı,  üstəlik, dünya idman ictimaiyyəti qarşısında həm də "təcavüzkar" kimi qələmə verərək, ərazi bütövlüyümüzü şübhə altına alıb. Ölkəmizlə bağlı yalan informasiya verərək neqativ imic yaradılmasına cəhdlər edilib. Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın “France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Yayılan bəyanatı diqqətinizə çatdırmaq istədim. Bəyanatda bu sözlər yer alır: ”Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.

Deputat Fransa telekanalının bu həyasızlığına dünyadan gələn reaksiyalara da toxundu: “Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys aparıcıların bu fikirlərinə sərt reaksiya bildirib. O, "France 2" telekanalına sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin “Paris-2024"də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun hökuməti hazırda Fransada keçirilən "Paris-2024" Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir. Hazırda Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını  məkrli siyasətinə alət edib. 

K.Bayramov onu da vurğuladı ki, Makron və onun hökuməti “Paris-2024"ün açılışı mərasimini "sülh və ümid anı" kimi təqdim etmək istəsə də, Fransanın ləkəli tarixini və kolonial siyasətini  bir daha nümayiş etdirdi: “Bu dəfə də Sena çayı üzərində keçidlə təşkil olunan açılış mərasimində ölkələrin adlarını qəsdən düzgün ifadə etməməklə, Ermənistanı özünə dost adlandırmaqla, Azərbaycanı sanki bir işğalçı kimi təqdim etməklə, ümumiyyətlə, dünya xristianlığını təhqir edilən və alçaldılan səhnələri nümayiş etdirməklə yadda qaldı. Bu da dünya xristianları tərəfindən mədəniyyətsizlik və dini dəyərlərin ələ salınması kimi dəyərləndirildi. Paris Olimpiadasının açılış mərasimi dünyanın tanınmışları tərəfindən də tənqidlərə səbəb oldu. İtaliyanın baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini X sosial şəbəkəsində bunları yazıb: “Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq”. 

“İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: "Əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristian ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar".

Göründüyü kimi, Fransa bir çox lazımsız addımlarla yaddaşda qaldı.  Bununla da XXXIII Yay Olimpiya Oyunlarında Fransa özünü biabır edərək  ikiqat rüsvay  oldu. Bir daha  nə siyasi, nə də diplomatik baxımından uzaqgörən siyasət həyata keçirmədiyini nümayiş etdirdi".

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hesab edir ki, qanunla Fransa telekanalı cəzalandırılmalıdır: “Fransa növbəti dəfə öz həyasızlığını göstərdi. Açığı, buna təəccüblənmək də lazım deyil. Bu ölkə Qarabağın işğaldan azad olunması ilə barışa bilmir. Son olaraq, hələ də Xankəndinin azad edilməsi, qondarma rejimin tarixin zibilliyinə göndərilməsi ilə barışa bilmir. Dünyada hüquq prinsiplərindən dəm vuran Makron Fransası əslində bu prinsipləri ən çox pozan ölkədir. Fransa telekanalının aparıcılarının bu sərsəmləmələrinə görə həmin kanal sərt şəkildə cəzalandırılmalıdır. Beynəlxalq hüquq da bunu tələb edir. Açığı, belə bir cəzalandırma formasının seçiləcəyinə inanmıram. Çünki beynəlxalq aləm hər zaman bizə qarşı ikili standartlardan çıxış edir. Xüsusilə söz konusu Fransa kimi bir ölkədirsə, biz bir daha ölkəmizə qarşı qərəzli münasibətin şahidi olacağıq. Unutmayaq ki, bir xalqın simvolu olan Bozqurd işarəsi göstərdiyinə görə bir ulduz türk futbolçunu cəzalandıran  beynəlxalq aləmdən söhbət gedir. Amma istənilən halda şikayət etməyimiz ən doğru qərardır. Biz bununla göstəririk ki, Qarabağ bizimdir, qondarma rejim tarixə gömülüb, tarixi Azərbaycan şəhəri Xankəndi birdəfəlik erməni terrorçularından təmizlənib. Onun üçün də bundan sonra belə ədalətsiz qərarları təəccüblə qarşılamamalıyıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


30.07.2024 10:00
5330