Yeddilik Qrupu (G7) ölkələrinin energetika nazirləri Rusiya qazının idxalını tam dayandırmaq üçün fəaliyyətləri davam etdirmək barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə nazirlərin aprelin 29-dan 30-dək Turində baş tutan görüşünün yekunlarına dair bəyanatında deyilir.
Tədbirə ev sahibliyi və sədrlik edən İtaliya Energetika Nazirliyinin Mətbuat xidməti tərəfindən dərc edilən sənəddə deyilir: “Biz Rusiyanın enerji resurslarından əldə olunan gəlirlərin məhdudlaşdırılmasının Ukraynaya dəstəyin vacib hissəsi olduğunu başa düşürük və biz Rusiya qazından əhəmiyyətli asılılığa son qoymağa və onun idxalından mümkün qədər tez imtina etməyə çalışırıq”.
Bununla əlaqədar olaraq, G7 ölkələrinin energetika nazirləri mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini vurğulayaraq qeyd ediblər ki, bu sektora investisiyalar böhranı aradan qaldırmaq və potensial qaz çatışmazlığı problemini “məqbul” həll etmək üçün uyğun ola bilər.
Bəyanatda həmçinin qeyd edilir ki, “Rusiya enerjisindən tədricən uzaqlaşmanı sürətləndirmək” üçün hökumət dəstəyi ilə qaz sektoruna investisiyalar “müvəqqəti tədbir kimi məqsədəuyğun ola bilər”. Bununla belə, sektora sərmayə qoymaq istəyənlər Avropa İttifaqının “iqlim məqsədlərinə uyğun” hərəkət etdiklərinə əmin olmalıdırlar.
Musavat.com