Türk Dövlətləri Təşkilatına ( TDT) üzv olan üç Mərkəzi Asiya ölkəsi- Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin qurumda müşahidəçi olan Türkmənistanın Şimali Kipr Türk Cümhuriyyəti əleyhinə qərarı Rusiya mediasının da diqqət yetirdiyi mövzulardan biridir.
Musavat.com xəbər verir ki, bu dəfə “Svobodnaya Pressa” bu mövzu haqda geniş məqalə dərc edib.
“Hamı bilirdi ki, Ankara 2022-ci ilin sonunda Səmərqənddə keçirilən TDT sammitində Şimali Kipr Türk Cümhuriyyətini müşahidəçilər siyahısına daxil etməyə çalışıb.
Lakin bu cəhdin qarşısı Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəfindən alınıb və o, “ərazi bütövlüyü prinsipinə çox ciddi yanaşdığını” bəyan edib. Həmin vaxt Özbəkistan prezidenti Şavkat Mirziyoyev bitərəf qalıb və bu respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “Şimali Kiprin müstəqil dövlət kimi tanınmasından söhbət gedə bilməz”” deyə, nəşr yazır.
O da bildirilir ki, qərarın qəbul edilməsində rolu olan “Avropa İttifaqının Ankaraya atdığı atəş”ə Türkiyə rəsmi münasibət bildirməyib, ancaq ekspert qiymətləndirmələri ilə cavab verib.
Türkiyəli tarixçi İlber Ortaelinin fikrincə, rəsmi Ankaranı Orta Asiyadan Rusiya, Çin və ya İran deyil, “Osmanlıların varisləri ilə qucaqlaşmaq” istəməyən türk dövlətləri sıxışdırır. Bununla bağlı konspiroloqlar Britaniya kəşfiyyatının MI6-nın rəhbəri Riçard Mur tərəfindən irəli sürülən “Böyük Turan” layihəsinin uğursuzluğuna işarə edirlər. Son illər hətta türk hərbi-siyasi ittifaqının yaradılmasının əlamətləri görünsə də, hər hansı əsaslı nəticə çıxarmaq hələ tezdir. Türkiyənin “Daily Sabah” nəşri Mərkəzi Asiyanın Rusiya, Türkiyə, Aİ, ABŞ və Çin arasında rəqabət meydanına çevrilməsini təhlil edib. Təhlildə bildirilir ki, region ölkələrində qərarların qəbulunda türk həmrəyliyin deyil, iqtisadiyyatın hakim olacağına işarə edir.
Amerikalı ekspert Uolter Rassel Midin qeyd edir ki, region ölkələrinin xarici siyasətində iqtisadi praqmatizm, yerli etnik vətənpərvərlik və ağıllı realizmə doğru dəyişmənin şahidi oluruq. Eyni zamanda, Aİ ilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü arasında bu maraqlar cığırında ittifaq yarana bilər ki, bu da Türkiyə ilə birgə Azərbaycanı deyil, Mərkəzi Asiyanı təlatümlü Yaxın Şərqdən yan keçərək dünya bazarlarına əsas tranzit dəhlizinə çevirə bilər.
“Alyanslar dəyişir və Mərkəzi Asiya ölkələrinin yalnız Türkiyə üzərində təsbit edilməsi onların geniş manevr imkanlarını azaldır. Beləliklə, regionda yeni “böyük oyun” başlayır” deyə, nəşr yazır.
Musavat.com