“Böyük Qayıdış”ın növbəti dayanacağı Şuşa oldu...

“Cəbrayıllılar ermənilərin xarabalığa çevirdiyi o torpaqları cənnətə çevirəcəklər”

İşğaldan azad olunduqdan dərhal sonra bərpa və yenidənqurma işlərinin başlandığı Cəbrayıl şəhərinə bu ilin sonunadək ilk köç planlaşdırılır.

Hazırda bu rayondan olan sakinlər üçün inşa olunan çoxmənzilli binalardan ibarət yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Yeni salınan məhəllədə son tamamlanma işləri aparılır. Artıq binaların fasadlarında da təmir işləri yekunlaşır. 

Bərpa proqramına uyğun olaraq, Cəbrayıl şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə məhəllədə yarımstansiya da tikilir. Məhəllənin mərkəzi hissəsində isə uşaqlar üçün idman-əyləncə kompleksi, o cümlədən mini-stadion qurulacaq. 

Xatırladaq ki, Cəbrayıl şəhərinin mərkəzində salınan məhəllədə 33 yaşayış binası tikilir. Dörd və beş mərtəbədən ibarət binalarda ümumilikdə 712 mənzil olacaq. İnşaat işləri başa çatdıqdan sonra 2 min 158 keçmiş məcburi köçkün həmin binalarda məskunlaşacaq.

Əslən Cəbrayıldan olan, tanınmış jurnalist Seymur Verdizadə “Yeni Müsavat”a bu barədə sevincini bölüşdü. O, əvvəlcə 3 il öncə baş çəkdiyi Cəbrayılın Soltanlı kəndindəki ata yurdundan çəkdirdiyi fotonu göstərdi: “İşğaldan azad olmuş torpaqlarda aparılan quruculuq-abadlıq işləri bir Azərbaycan vətəndaşı, keçmiş məcburi köçkün kimi məni fərəhləndirir. Hər həftə, bəzən hər gün Şuşa, Laçın, Füzuli, Zəngilan rayonlarına insanların köçü ilə bağlı xəbərlər oxuyuruq. Qarabağa həyat yenidən qayıdır. Düşmənin xaraba qoyduğu şəhərlər, qəsəbələr, kəndlər yenidən dirçəlir. Azərbaycan xalqı hamılıqla böyük tarixi prosesə şahidlik edir. 

Bu ilin sonuna kimi anadan olduğum doğma Cəbrayıl rayonuna da məcburi köçkünlərin qayıdışı gerçəkləşəcək. 3 il öncə doğulduğum Soltanlı kəndində oldum. Ata yurdumu görəndə çox kövrəlmişdim. Fotoda da görürsüz. Böyüdüyüm o ev tamamilə dağıdılıb. Amma indi çox sevincliyik. O acıları nə qədər unutmaq çətin olsa da, bu cür xəbərlər bizi çox sevindirir. Təkcə Cəbrayıl şəhərinə 712 ailənin, yəni 2158 keçmiş məcburi köçkünün qayıtması nəzərdə tutulur. Bu ilin sonuna kimi həm də Cəbrayılın Horovlu kəndində 300-dən artıq ailənin məskunlaşması planlaşdırılır. Bu proses növbəti illərdə də davam edəcək. Yaxın 2-3 ildə rayonun Şükürbəyli, Soltanlı, Maşanlı, Xudafərin, Böyük Mərcanlı kəndlərinə əhalinin qayıtması gözlənilir. Bu qürurverici haldır, insanın köksünü qabardır.

Cəbrayıllılar zəhmətkeş insanlardır. Biz daşdan çörək çıxarmağı bacarırıq. Hazırda Biləsuvar rayonunda 25 minə yaxın cəbrayıllı məskunlaşıb. On-on iki il əvvəl həmin ərazidə ilanlar mələyirdi, kölgələnməyə ağac, içməyə bir qurtum su yox idi. Zəhmətkeş cəbrayıllılar ilan mələyən o çöllərdə gözlərinin nuru, alınlarının təri ilə sözünün həqiqi mənasında cənnət yaratdılar. İndi Biləsuvardakı Cəbrayıl qəsəbələrinə gedəndə adamın ruhu dincəlir. Cəmi bir neçə il sonra Cəbrayılın şəhəri, rayonunun digər kəndləri də belə gözəl, gözoxşayan olacaq. Cəbrayıllılar ermənilərin xarabalığa çevirdiyi o torpaqları cənnətə çevirəcəklər. Orada həyat yenidən qaynayacaq". 

Seymur Verdizadə: “27 ildə hər gün gecələr Cəbrayıla gedirdim” » Cenub.az -  Regional Qazet

Seymur Verdizadə 

Seymur Verdizadə qeyd edib ki, o da ailəsi ilə birlikdə Cəbrayıla köçməyə, orada yaşamağa, doğma yurdu yenidən dirçəltməyə hazırdır: “Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmişəm. Cəbrayıla öz həmkəndlilərimdən daha əvvəl, hətta bu gün köçməyə hazıram. İnanıram ki, müraciətim araşdırıldıqdan sonra mənə müsbət cavab veriləcək. Biz Cəbrayılı birlikdə yenidən quracağıq”.

Onu da bildirək ki, iyulun 30-da Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib və mənzillərin açarları sakinlərə təqdim edilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Bu dəfə bütövlükdə Şuşadan olan, ölkənin müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir.

Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə (147 ailə) çatıb.

Yazını hazırladı: Cavanşir ABBASLI

31.07.2024 09:54
734