Qeyd edək ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblərə uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Həmin dövrədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşması nəzərdə tutulub. Yenidən qurulan Füzuli işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş ərazini əhatə edəcək. Növbəti 20 ildə isə əhalinin sayının 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq və hava limanı da daxil olmaqla, Füzuli şəhərinin 1936 hektar əraziyə malik olacaq.
Eyni zamanda hökumət “Böyük Qayıdış” prosesi çərçivəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
Bu, Nazirlər Kabinetinin “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu sərəncam da “Böyük Qayıdış” yolunda atılmış ən önəmli addımlardan biri hesab olunur.
Deputat Vüqar İsgəndərov “Böyük Qayıdış” prosesində Azərbaycanın çox böyük işlər gördüyünü qeyd etdi: “Dünyanın çalxalandığı, siyasi, iqtisadi kataklizmlərin baş verdiyi dönəmdə sözün əsl mənasında güclü Azərbaycan işğaldan azad etdiyi ərazilərində böyük işlər görməkdədir. Bu prosesdə əsas məsələ odur ki, bunların hər birini, yəni bərpa-quruculuq işlərini, minatəmizləmə mərhələsini Azərbaycan öz gücünə edir. Burada siyasi iradə, iqtisadi potensial və insan resursları öz rolunu oynayır. Yeni şəhərlər, kəndlər salınır. Dünyada analoqu olmayan formada "Ağıllı kənd" layihəsi icra olunur. Bu gün də günü-gündən abadlaşan, çiçəklənən Füzuliyə növbəti köç karvanının getdiyinin şahidi olmaqdayıq. Artıq demək olar ki, Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında məskunlaşan füzulililər sevinclə, qürurla öz dədə-baba yurdlarına daim yaşamaq üçün dönürlər. Sözün həqiqi mənasında, uzun illər həsrət qaldığımız zəfəri, təntənəni bu proseslərlə bir daha yaşayırıq. Təbii ki, bu proses uzunmüddətlidir. Burada əsas olan ölkəmizin bu məsələdə siyasi iradəsinin ən yüksək səviyyədə olmasıdır. "Böyük Qayıdış" konsepsiyası bir daha ölkəmizin gücünü, qüdrətini sübut etdi. İqtisadi çöküşün yaşandığı, təhdidlərin artdığı dövrdə ölkəmizdə bu işlərin uğurla aparılması və orada insanlarımızın daimi yaşayacağına olan tam əminlik böyük uğurdur. Bunun dillə ifadə olunması belə çətindir. İnsanlarımızın azad edilmiş ərazilərdə azad və firavan yaşamaları üçün hökumət əlindən gələn nə varsa edir. “Böyük Qayıdış”ın başa çatacağı günü hər kəs səbirsizliklə gözləyir".
Yazını hazırladı: Cavanşir Abbaslı